Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Hər daş öz bətnində bir dən böyüdür,
Mənim tale daşım düzümdə qalıb…
Yanağı üşüyən uşaq kimiyəm,
Əllərim nə vaxtdı üzümdə qalıb.

Mən nahaq üz verdim əcələ, nahaq…
Yaxşı ki, görmürəm boyunu hələ.
Əzrayıl mənimlə beş-daş oynayır,
Şükür, mən uduram oyunu hələ!

Daha sevda köçün geri qayıtmaz,
İndi uzaqlarda don məktub kimi.
Mən sənə bir ovuc dua yolladım,
Eh, o da çatmadı son məktub kimi.

Ruhu qapı kimi az açıb-bağla,
Yenə qəbrin üstə tük tökmək olmur.
Həyat elə bil ki, yüyənsiz atdı,
Eşqin limanına yük tökmək olmur.

Sən bu yaş yuxunu oxuma bir də,
Yetən gözlərimi qınağa çəkir.
Ya qəminlə islat, ya göz yaşınla,
Əcəl fürsət tapdı, sınağa çəkir…