Şəfa VƏLİYEVA.Yeni şeirlər

sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Ləçək qızımla yenə şeirlə dərdləşdik…
Deyirdim, həyat sındırar səni…
Aydan Abdulla

***

Çilik-çilik edərlər
Sevda nədi bilməzlər…
Pitik-pitik dillənər
Ərşə gedər-gəlməzlər…
Bütün sevgilər kiçik
Qığılcımmış…
Sən demə…
Ən balaca “Düyməcik”
Albalınmış…
Sən bilmə…
Qonşu qızın donunda
Pardaqlanan butalar
Səni unudub çoxdan…
Arzulamaq da xəta…
Ay ləçək qız…
Çiçək qız…
Gizlət ən xoş rəngini…
Səni Tanrı sevər, qız…
Tanrıya de sevgini.

Ləçək tökmüş laləyəm,
Payızım ol da qayıt…
Su üzündə kölgəyəm,
Nazımı böl də qayıt…
Yadımdadı,
Sən getdin,
Tək qaldı ağrılarım…
Son dərman da içildi,
Artdı yuxusuzluğum…
Yüz dərd tapdı həkimlər,
Yüz də dərman buyrulub…
Yüz birinci dərmanım,
Səni Tanrı buyurub…