Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

Qədim Gəncə çinarları

Bir-birinə dayaq olur,
Qədim Gəncə çinarları.
Axşam-səhər oyaq olur
Qədim Gəncə çinarları

Yeri öpər, höyü qucaq,
Meh toxunar, ətir saçar,
Kölgəsini dosta açar,
Qədim Gəncə çinarları.

Vaxt dolanar fəsil-fəsil,
Dözümdə dağ, çəkimdə fil,
Hər küləkdən qopan deyil,
Qədim Gəncə çinarları.

Pıçıldaşan yarpaqları,
Nəğmə deyən dodaqları,
Necə oxşar qulaqları
Qədim Gəncə çinarları.

Çay boyu qatar-qatardı,
Əsrlərdən yadigardı,
Dünya görmüş babalardı –
Qədim Gəncə Çinarları.

Könül deyir Yaşa hələ

Səfərdəyəm ,səfərimi
Vurmamışam başa hələ.
Arzularım ,əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi ,şəhəri,
Dağlarda açdım səhəri.
Fikrim gəzir üfiqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şer yazıb,saz çalmışam
Ömür deyir: – Qocalmışam,
Könül deyir: – Yaşa hələ.

Ana

Elə ki. balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur ,şer də deyir,
Bəstəkar analar,çair analar.

Dözür hər əzaba o bilə -bilə .
Yaşayır,sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə,
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi , evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Özüm də bilmirəm Hüseyn ,niyə?
Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.