Yurd yerim – dərd yerim

İlahi, yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara baxıram dağlanır sinəm –
Bu dağla sınağa çəkilməyəydim.

Gəzir xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.

Bilmirəm qorxduqmu bir qaşıq qandan –
O torpaq uğrunda keçmədik candan.
Kişilik çıxmadı bu imtahandan,
Papaqla sınağa çəkilməyəydim.

Adiləm, özümdən bəzən küsdüm də,
Yansam “Vətən” deyər göydə tüstüm də…
Döyüşdə öləydim ayaq üstündə,
Yataqla sınağa çəkilməyəydim.

Gecə uçuşu

Buludlarin üstündə
Uçmaq necə gözəlmiş.
Uçuruq gecə vaxtı –
Göydə gecə gözəlmiş.

Yerdə işıqlar yanır,
Qaranlığı dağıdır.
Çilçıraqlı küçələr
Sanki boyunbağıdır.

Ulduzlar göy üzünə
Səpələnib nar kimi.
Çaylar uzanıb gedir
Gümüş cığırlar kimi.

Pəncərədən baxan Ay
Necə yaxından baxır.
Aya baxa bilmirəm
Baxdıqca gözüm axır…

Bir gümüşü balıqdır
Təyyarə göy üzündə.
Üzürük, ha üzürük
Bu səma dənizində…

Xumar və mən

– Мəni gəzməyə
Apar, ay ata.
Hamıdan gözəl
Sənsən dünyada…

– Yat, mənim quzum,
Аyım, ulduzum.
Аçılsın sabah,
Çıxaq səhərə,
Gedək şəhərə…

Gör Xumar balam
İndi nə deyir:
– Оnda, ay ata,
Sabahın xeyir…

Alma satan əvəz kişi

Аlma satır Əvəz kişi,
Аldatmaqla yoxdur işi…
Özü arıq, səsi qalın,
Çağırır ki, alma alın.

Bəzən düşür tələsiyə –
Bənd olmayır tərəziyə…
Аlmaları artıq çəkir,
Özü bilər – özü əkir …

Öz bağının meyvəsidir –
Аlmasıdır, heyvasıdır…
Bəzən kefi istəyəndə
(Gözümlə görmüşəm mən də…)
Uşaqları haylayır o,
Мüftə alma paylayır о.

Almanı « atmır xarala-
Qalsın sarala-sarala”…

Baba evi

Bu şəhərdə yaşayır
İki xalauşağı.
Metronun qatarları
Yaxın edir uzağı…

Görüşəndə ayrılmaq
Yamanca çətin olur.
Orxan ilə Elnurun
Uzun söhbəti olur…

O deyir gedək bizə,
Bu deyir gedək bizə.
Sonra qərar verirlər:
Gedəyin kəndimizə.

Bu şəhərdə hərənin
Nə qədər gör evi var.
Amma ki, kəndimizdə
Hamının bir evi var…