Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

* * *

ANA DİLİM, AZƏRİ DİLİM

Sən mənim dünyamsan, mənim həyatım,
Sən mənim varlığım, toyum-büsatım,
Sən ana laylamsan, sən ilk bayatım,
Mənim Ana dilim, Azəri dilim.

Fizuli dünyamın sözü-söhbəti,
Nizami eliminin şanı-şöhrəti,
Sən Oğuz yurdumun Qorqud qeyrəti,
Mənim Ana dilim, Azəri dilim.

Sənsən Üzeyrimin nəğməli dili,
Sənsən Babəkimin vuruşan əli,
Uca dağlarımın kükrəyən seli,
Mənim Ana dilim, Azəri dilim.

Səndə gözəlləşir ruhumun səsi,
Səndə doğmalaşır, eşqin həvəsi,
Səndən ilham alır, şerin nəfəsi,
Mənim Ana dilim, Azəri dilim.

Bu dildə tapmışıq haqqı, salamı,
Bu dildə tanıdıq şuru, muğamı,
Sən ulu xalqımın müdrik kəlamı,
Mənum Ana dilim, Azəri dilim.

Səni qeyrətinə sığışdırmayan,
Səni ülfətiylə qoşa tutmayan,
Gəlsin gözlərindən süd zaman-zaman,
Mənim Ana dilim, Azəri dilim.

NİYƏ SEVƏMMƏDİK BİR-BİRİMİZİ

Ömrümə-günümə bir baxışıydın,
Mən külək, sən isə gur yağışıydın,
Çiçəkli bahardın, mən naxışıydım,
İndisə baharın solub bənizi,
Niyə sevəmmədik bir-birimizi?!

Mən qumlu-qayalıq, sənsə səhraydın,
Axı, sən əzəldən mənə doğmaydın,
Mən coşğun bir dəniz, sənsə dalğaydın,
Yuduq sahillərdən izlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!

Baxır əksimiz də bulaq gözündən.
O vaxtdan bizləri salıb gözündən,
Beləcə, qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!

Çiçəyin rəngiydik, gülün rəngiydik,
Coşan qəlbimizin eşq çələngiydik,
Axı, bu yollarda niyə ləngidik?
Daşamı çırpmışıq ürəyimizi?!
Niyə sevəmmədik bir-birimizi?!

Bir cavab tapmadıq nə sabahlara,
Döndük günahlara, döndük ahlara,
Ağ günlü sevgiyə geydirib qara,
Həsrətə qərq etdik gözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?!

Neçə açılmamış sabah içində,
Qovduq gecələri günah içində,
Ömrümüz-günümüz min ah içində,
Güldürə bilmədik taleyimizi!
Niyə sevəmmədik bir-birimizi?!

Bu eşqin yolunda çəkilməz dərdi,
Sərdi sinəm üstə hicranlar sərdi,
Nəcibə çox dedi, çox qəmlər yedi,
Daha bağışlamaz bu sevgi bizi!
Niyə sevəmmədik bir-birimizi?!