Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər

* * *

Dünən biziydik orda –
O kafe, o masada.
Bu gün iki gənc gördüm,
bizim masamızdaca
vermişdilər baş-başa.
Səndən nə gizlədim, elə qısqandım,
istədim içəri keçəm, səs salam…
Ancaq
demədiyin sözə ayıldıım…
Və ən yeyin addımla
uzaqlaşdım özümdən…

Dünən qaldı dünəndə
Dünən masada qaldı,
Kor cərrah bıçağıdı –
Xatirə işə gəlməz.

Guya neynəmişdik ki?
Sən öz telinnən oynadın,
Ürəyim mənnən oynadı.
Hər təbəssüm edəndə,
çökəldi gözəl üzün
və mən zalımcasına dözdüm o gözəlliyə…

Dünən neynəmişdik ki? –
Bir az söhbət elədik
və baxışdıq bir xeyli.
Sən Bakıdan danışdın, mən Daşkənddən,
Sən Bakını təriflədin, mən Daşkəndi;
Mən əslində səndən danışır,
səni tərif edirdim,
yəqin, sən də düşündün ki,
mən heç nə anlamıram,
anlamıram ki,
bir şəhəri bu qədər adamlaşdırmaq olmaz…
Nə dedinsə, sağ ol,
sağ ol, çox sağ ol.
Amma
mənim Bakılığım qoy hələ qalsın.
sənsə dəqiq Daşkəndsən –
həsrətin daş kimi düşür ürəyə.

Dünən başqa dünəndi,
gah hər şeydən danışdıq,
gah hər bir sözə susduq,
üzə daldıq,
üzdə qaldıq…

Dünən nəydi,
nəydi dünən, İlahi?
Hər şeydən danışırdıq,
amma büsbütün sözlər
gəlib-gəlib tıxanırdı bir yerdə.
Hər şeydən danışırdıq,
amma o hər şey dediyin
tək bircə kəlməyə xidmət edirdi –
ikimiz də bilirdik,
noolsun, ikimiz də deyə bilmirdik…

Sahi, nə deyəcəkdik?
Məndən heç soruşma,
Mən nə dediymi bilmirəm,
zalim,
Sənsə bildiyini demirsən

Bu gün o iki cavan
dirsək qoyan masada
ürək qoyub gəlmişik,
onlar hardan biləcək?..
Eh, hardan bilsinlər ki,
dünən elə ordaca
necə vurub ürəklər,
boğaz necə quruyub,
topuq çalıb necə dil?

Nəydi kafenin adı? –
birdə geri dönməyim.
Sən də xatırlamazsan,
Sevgistan olsun –
İki nəfərçün bir ad…

Dünən dünəndə qaldı,
Dünən qaldı masada.
Kor cərrah bıçağıdı,
xatirə işə gəlməz…

2019

ÜSKÜP LÖVHƏSİ

Axşam düşür, dükanlar bağlanır,
hər dükanda sönən işıq
bir küçə fənərinə daşınır sanki…
Dükanlar bağlanır, kafelərsə açıqdı.
Şəhərin ən hündürdabanlı qızıyla gedən oğlanın
ürəyi açıqdı,
hündürdabanın kürəyi…
Qarşıda barda açıqdı, camedə,
gənclər nə bara, nə cameyə girir,
bir bağlı qapını açıb, özlərinə çəkilir…
Burda –
mən əyləşən kafedə qulluqçu
dağınıq fikrimi toplayır sanki:
– Əfəndim, qəhvəmi, çaymı? –
Artıq bilirəm,
burda qəhvələr çox tünddü, çaylar açıqdı –
“orta şəkəri türk qəhvəsi” deyirəm –
necə olsa, yanında su var.
Ürəyim açılıb, nəsə –
hamıyla danışmaq,
hamıyla tanışmaq istəyirəm –
Bəzən bilməz insan – nəyə sevindiyini,
necə sevindiyini…
Ancaq hər kəs öz işindədir,
mən də qapanıram özüm özümə.
Səfərə gedərkən
yola düşməyə,
səfərin ta ikinci günündəsə evə tələsirəm;
Kafedə internet açıqdı,
“elektron bilet”imə baxıram –
Sən demə, “Bakıya dönüş tarixi” açıqmış…

(Abşeron, 2018)