Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

12962488_1518521525123844_528584684_o

Torpaq nəğməsi

Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa, həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdı.

Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.

Bir zərrən də səni məndə yaşatdı,
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.

Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.

Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.

Ana torpaq susdurmaqçün düşməni,
Al, güllətək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.

Məni

Ömür keçdi, getdi …ulu təbiət
İnanma, təzədən yoğura məni.
Bir bulud ömründə yağış eyləyib,
Çiləyə yar gələn cığıra məni.

Yadda yox, özümdə axtardım eyib.
Haqq gəzdim, dəmirdən çarıq da geyib.
Tale gecikdirdi hər zaman, heyif…
Həyatda qismətə, uğurla məni.

Bəxtim də mənimlə kəcinə çəkdi.
Mən kölgəyə çəkdim, o, günə çəkdi.
Həyatda bir dəfə nə önə çəkdi,
Nə də ki saxladı axıra məni.

Sənin ürək adlı mülkün var – deyə,
İldırımdan ağır yükün var – deyə,
Öndə torpaq altı çəkin var – deyə,
Bölmədi yüngülə, ağıra məni.

Həsrəti, möhnəti yorub gələrəm,
Bütün bənd-bərəni qırıb gələrəm,
Ölsəm, məzardan da durub gələrəm,
Təki ilk məhəbbət çağıra məni.
Sibirel, dünyanın nəyini bölək?!

Bir üzü iblisdir, bir üzü mələk.
Əgər dar etməsə yerimi fələk,
Bəndə döndərəmməz fağıra məni.

Bu gecə

Bu gecə pərvanə işığa gəlməz,
Bu gecə işığım soyuq kimidir,
Bu gecə ürəyim rahatlıq bilməz,
Tufanlar qoynunda qayıq kimidir.

Bu gecə qaranlıq gümanlarımı,
Nurlandıra bilməz ay işığı da.
Bu gecə təsəlli umanlarımın,
Mənəm böyüyü dəcəl uşağı da.

Bu gecə tüstümü içəri təpən
Küləklər bayırda narahat gəzər.
Şirin xatirəmə göz yaşı səpən
Buludlar bu gecə duzlu dad gəzər.

Bu gecə tale də yazımı bilməz,
Salar bədxahlığın boran, qarına,
Üşüyən ürəyim qızına bilməz,
İlk eşqin ilahi baxışlarına.

Bu gecə qayatək susar harayım
Boğulub bataram bu sukutda mən.
Bu gecə özümü necə arayım
Doğma ünvanda mən, doğma adda mən?

Bu gecə – önümdə qaralan hasar,
İşığa tutaram, hörgüsü uçmaz.
Bu gecə bələdçi yollarım azar,
Sayıq gözlərinin mürgüsü uçmaz.

Bu gecə çəkdiyim qəmlər, əzablar
Baş aça bilmərəm, kimə xoş gələr.
Bu gecə istəyi çətin tapılar.
Əlidolu ilham əliboş gələr.

Bu gecə göylər də sərxoş kimidir,
Bir qədəh ulduzu salar əlindən.
Bircə dan yerinə dönüb ümidim
Məni bu gecənin alar əlindən.

Mən köhnə kişiyəm…

Mən köhnə kişiyəm, bala,
Nuh adlı sirdən gəlmişəm.
Hara türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.

Bir az şaman duasıyam,
Bir az günəş şüasıyam,
Gələn əsrin havasıyam,
Ötən əsrdən gəlmişəm.

Dodağımda türkü, şərqi,
Dolanmışam qərbi, şərqi.
Ya cüt, ya tək, eh…nə fərqi
Hansı səbrdən gəlmişəm.

Bu dağlar tərs, avand yerim.
Qayaları sapand yerim.
Hər şəhid qəbri – and yerim…
Gör neçə pirdən gəlmişəm?!

37 ağrım, acım.
Bu taledən hara qaçım?!
Qalmayıb özgə əlacım,
Adsız qəbirdən gəlmişəm.

Təbrizim arzum, murazım.
Taleyimdə qara yazım.
Bir az səbr et, xan Arazım,
Mən dəli Kürdən gəlmişəm.

Sibirel, sənə yaxınam.
Gözündən qaçan yuxunam,
Sürgündə qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.