Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

HARA GEDİRSƏN

Hələ yol gözləyir o görüş yeri,
Bizi bir görüblər əzəldən bəri,
Qayıt, yalvarıram, qayıt, dön geri,
Məni tənha qoyub, hara gedirsən?

İnsafın yoxdurmu ay zalım qızı,
Qışa döndərmisən baharı, yazı,
Qaytar qoy yerinə ayı,ulduzu,
Məni tənha qoyub, hara gedirsən?

Ürəyim dalınca yeriyər , gedər,
Qoymaz göz açmağa, qoymaz qəm, kdər,
Sənsiz ömür hədər, sənsiz gün hədər,
Məni tənha qoyub, hara gedirsən?

Neyləyim mən yazıq boş ürək ilə,
Bacara bilmirəm mən fələk ilə,
Ürəyim danışmaz hər mələk ilə,
Məni tənha qoyub, hara gedirsən?

Mən Əziz Musayam yox idi dərdim,
Eşqinlə şam kimi yandım, əridim,
Ağlayan ürəyi necə kiridim,
Məni tənha qoyub,hara gedirsən?

QARABAĞDAN DANIŞIN

İnciməsin qoy nə ata, nə ana,
Ay el-oba, siz baxmayın ad, sana,
Çörək qalsın, Quran qalsın bir yana,
Danışanda Qarabağdan danışın.

Məclislərdə yada salın dağları,
Unutmayın cənnət,məkan bağları,
Yada salın Şuşa adlı ağları,
Danışanda Qarabağdan danışın.

İncitməyin şəhidlərin ruhunu,
Biz deyəsən unutmuşuq çoxunu,
Hazır tutun əldə qəzəb oxunu,
Danışanda Qarabağdan danışın.

Qoymayın ki gor yerləri dağılsın,
Yolu, izi, duman alsın, çən alsın,
Qoymayın ki qanlı yara sağalsın,
Danışanda Qarabağdan danışın.

Aldanmayın yağlı vədə, xoş sözə,
Kömək olmaz özgə bizə, yad bizə,
Durmalıyıq düşmənlərlə üz-üzə,
Danışanda Qarabağdan danışın.

Yaralıdı sevən ürək, sevən can,
Qarabağdan qoy oxusun oxuyan,
Döyüşlərə hazır olun hər zaman,
Danışanda Qarabağdan danışın.

Yadlar orda binə salır , yol çəkir,
Bizim hələ gözlərimiz yol çəkir,
Cəbrayılım qan ağlayır, ah çəkir,
Danışanda Qarabağdan danışın,

Yurd-yuvanı yaddaşlardan silməyin,
Məzar yeri tapılmırsa ölməyin,
Demirəm ki, oynamayın, gülməyin,
Danışanda Qarabağdan danışın.