Elmar Nurəddin oğlu Əliyev – Vüqarlı 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. 2003-2007 cil illərdə “Azərbaycan” Universitetinin filologiya fakültəsində təhsil alıb. İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu” nəşriyyatında kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
Əsasən Batıda sufizmin yayılmasını araşdırır. 2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılmışdır. Prezident təqaüdçüsüdür (2013). Eləcə də Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının iştirakçısı olmuşdur.
Dövri mətbuatda şeirləri, tərcümələri və tənqidi məqalələri müntəzəm dərc edilir.

Hər şey köhnəlib

Gözlərimi yumub unuduram incikliyi,
Bağışlayıram sənə bağışlamaq olmazları…
Susursan!
Ürəyin soyudumu nifrətdən?
İstəyincə geyindinmi qarasını hər şeyin?!
Əndərdinmi qarğışını sükutun qulağına?
Bunda təzə nə var ki…
Olanlar da belədi:
nə göydəndüşmə, nə yerdənqalxma,
hər şey tanış, doğma…
Qara yellər ağı oxuyur pəncərələrdə,
Gözə dəymir kimsə sakinsiz küçələrdə.
Qaranlıq, səssizlik çöküb hər yana,
Taleyim qarışıb sisə, dumana.
Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
Hamı mürgüləyir, hamı yatır.
Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
Çıxartmaq istəyirəm boz surətimi üzümdən.
Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
intihar həddindəki varlığım
qaranlıq yoxluğa tələsir.
Qışqırıram gecəyə, –
amma tənhalığımı duya bilmir o,
heç nəyi guya bilmir o.
Bu payız damı göz yaşları…
Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
yenə də mi söyəcəm hər şeyi,
itirib-tapacam özümü,
siləcəm əlimin arxası ilə üzümü…
Yığılıb boğaza həsrətim,
kirlənib üstüm-başım.
Boşla göz yaşlarını küləklərə.
Mən ki şeir yazmıram!
Mən ki hisslərimi danmıram!
Gəl evinə dön, əzizim, yuvana..
Bunlar köhnəlib, çox köhnəlib.
Hər şey köhnəlib!
Sən də, mən də köhnəlmişik!

Xəzərlən qəlbimdə

Bəyaz gecələrin qoynunda
sevimli körpələrtək
əzizlən, oxşan!
Mürgü yuxulardan süzülüb gələn
zülmətli işıqsan,
aydınlan, nurlan!
Gəl susma,
gül,
danış,
unut hər şeyi,
Xəzərlən qəlbimdə, ey əziz Neva!
Xəzan gəncliyimi boğub suyunda
ağlat gözümdəki donmuş yaşları!
Axı sən bilirsən –
Ruhumda boşluğu doldurmaq üçün
qəlbimdən nəyisə boşaltmalısan,
ağlat,
göz yaşlarım qoy yusun onu,
bu hissin nə adı,
nə ünvanı var…
Bu tutqun səmanın altında səssiz
öpüşək, dərdləşək qərib dost kimi.
Keçib hər şeyimdən alt-üst dünyamla
atıram ruhumu sənə daş kimi!
Xəzərlən qəlbimdə, ey əziz Neva!

Məndəsən bu səhər

Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…
Yerdə, göydə – hər yanda
səni görürəm gözsüz,
mənimlə danışırsan
həm kəlməsiz, həm sözsüz.
İçimdə yollar gedər
yoluna qovuşmağa,
ürək atar qəmini
sonuna qovuşmağa.
Ey mənim varlığım,
yoxluğum qidası,
sevincimin, kədərimin,
əzabımın, fərəhimin
Mayası!
Dünyanı əldən salan
qanlı müharibələrdən,
“izm”lərə dolaşmış
yarıtmaz nitsşelərdən,
qafamı alt-üst edən
bayağı nəğmələrdən,
özünə tərif deyən
kişicik gədələrdən,
zəhlətökən, içiboş,
çürük düşüncələrdən,
açılması zor olan,
düyünsüz düyünlərdən
rahatlıq tapmaq üçün
üz tutmağa yerim var:
ora nə çayxana,
nə bar,
nə sauna-masajdır;
nə məsciddir,
nə kilsə,
nə də başqa kitabdır!
Ovunduğum o məkan –
Sənlə dolu ürəyim!
Həm varlığın özüdür,
həm Özüdür ürəyim!
Quşların cəh-cəhinə,
burax, qarışsın səsim,
oxusun əsim-əsim:
Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…

Amma sən yoxsan

İlk kəz bu şəhərdəyəm,
bu şəhər sənin şəhərindir;
yollarında izlərin,
səslərində sözlərin,
havasında nəfəsin var…
Bu şəhərin hər yerində sən varsan,
bu şəhər sənin şəhərindir.
Yanlızlığıma lay-lay deyən
köhnə qramafon səslənir
yaxın məhəllələrin dərinliyində,
yuxuya dalıb bu şəhər
gecənin mürgüləyən həzinliyində.
Qulaqlarımda uğuldayan küləklərlə danışır
xəyallarım,
sıxır məni həsrət dolu,
sürgün dolu suallarım.
Yanaqlarımda yaşlar,
ürəyimdə illər ağrısı,
ciyərlərimdə vərəm….
darmadağın, pərən-pərən
səni gəzirəm bu şəhərdə,
amma sən yoxsan!
Öskürək kimi boğur sənsiz arzular,
tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
ürək yoxluğunla necə barışır?!
Amma sən yoxsan…
Axı bu görüşə gəlmədin
son dəfə də olsa, halımı görmək üçün,
demək mən gecikmişəm mən
əlvida demək üçün!

Tablo

Gözəgörünməz,
sözəgörünməz
bir çərçivədəyəm…
Ayaqlarımın altında
həyat qarışıq torpaq,
başımın üzərində
sonsuzadək uzanan
boşluqlar,
düşüncəmdə
iztirablar…
Bu tabloya baxıb
nə sevinir,
nə də kədərlənirəm,
nə dəlicəsinə ağlayır,
nə də gülürəm;
aldığım təəssüratdan
bir şeyi bilirəm ki,
parça-parça
ölürəm!

Dağlar Sinəsini Verib Günəşə

Dağlar sinəsini verib günəşə,
Qışın ayazını atır canından.
Səsini başına almış bir kəndli
İnəyin çıxarda bilmir damından.

Düşüncəm tər-təmiz, qəlbimdə sevinc
Baxıram səmanın dərinliyinə.
Kəndlinin dilində tənəli söyünc
Qarışıb baharın həzinliyinə.

Taqqataq salıbdır ağacdələnlər,
Lap nazlı gözələ bənzəyir meşə.
Sevincdən min hala düşən ürəyim
Qayıtmaq istəmir bir də keçmişə.

Mən nələr çəkmişəm, nələr görmüşəm
Bu mənhus göylərin altında, Allah!
Hələ ayaqdayam, əyilməmişəm,
Oxşayır könlümü nəğməli sabah.

Bülbüllər oxuyur başımın üstdə,
Hardasa, uzaqda ildırım çaxır.
Zirvədən süzülən, yol alan bulaq,
Elə bil, od tutan qəlbimə axır.

Qələm məhəbbətlə öpür kağızı,
Gəncliyin eşqilə dalmış duaya.
İnamla sancılan bellərin ağzı
Xam şumun ətrini yayır havaya.

Şişəklər, toğlular, əmlik quzular
Qaçışır dağlara, düzlərə sarı.
Çoban tütəyində quştək çırpınır
Bir xalqın sevinci, iztirabları.

Vallah, qəlbimdədir səma da, yer də
Ən əziz, ən doğma bir sirdaş kimi.
Hələ açılmamış neçə səhərlə
İndidən uçuram azad quş kimi.

Qoy sussun mənasız, sönük nəğmələr,
Nakam xatirələr kimə gərəkdir!
Ömür bağçasına xəzan da gələr,
Həyat təlatümlü, sirli ürəkdir!

Qanadı sınsa da, ölməsin ümid,
Ey insan, hər dərdə sən ki dözürsən…
Ana təbiəti bağrına bas ki,
Sən onun varlığı, onun özüsən!

Ovsunla məni.

Gücün çatana qədər
Basıb bağrına bərk-bərk,
Başaçılmaz, dumanlı,
Gözoxşayan sehrtək
Ovsunla məni.
Bu nə gözəllik, bədən?
Gözlər əl çəkmir səndən,
Səni xəlq edən Xaliq
Belə yaradıb nədən?
Hurisənmi?
Mələksənmi?
Göydən yerə enmisənmi?
Bir-birinə dəyir fikrim,
Dilimdən düşməyən zikrim,
Ovsunla məni.
Sinirləri tarım çəkən
Ən həssas bir duyğu kimi,
Sevinc kimi, qorxu kimi.
Düşüncəni tar-mar qoyan
Qəfil sarmış yuxu kimi
Ovsunla məni.
Gül üzünü görsün bütün
Nə qədər var güllər solsun,
Hansı sözü tapım deyim,
O, vəsfinə layiq olsun,
Sözlər sənə layiq olsun.
Əlimdəki sınıq badə
Ümidverən sevinclərlə,
Eşqin ilə yenə dolsun,
Xumarlansın xəyallarım,
dalsın nurlu səhərlərə
ilhamımı çapıb, yorsun.
Vallah, inan, inan mənə,
Taqətimi kəssən belə,
Ruhən, cismən üzsən belə,
Dərinləşdir sevgimi sən,
Çevir onu qəm-əzaba,
Dön tilsimli bir səraba,
Susat qəlbi damla-damla
Ruhumdakı o şəraba.
Ovsunla məni,
Ovsunla məni,
Məni ovsunla…

Allah, yadımdadır

Ata nənəmin əziz xatirəsinə

Allah, yadımdadır möhrə evi də,
Mənim uşaqlığım orda başlayıb,
Mənim uşaqlığım orda saralıb.
Təzə ayaq tutan,
Təzə dil açan
Könlümün ilk sevinc işartıları
Atamın qəfildən vəfatı ilə
Elə o evdə də sönüb, qaralıb.

Allah, yadımdadır xoş təbəssümü,
Ölsəm də unuda bilmərəm onu,
İnsan itkisində ruhən bərkimiş,
Varlığı, yoxluğu dərd eləməyən
Həzin nəğmə idi ilk məhəbbətdən,
Həzin nəğmə idi Əbədiyyətdən.

Allah, yadımdadır hər bir kəlməsi,
Tarix nəfəsində dilə gələrək
Gah söhbət açardı 37-dən,
Gah da söz salardı neçə dəhşətdən,
Bəzən susqunluqla, köks ötürməklə,
Bayatı çağırıb, ağı deməklə
Özü utanardı bu qiyamətdən,
Gözümdə düşərdi dünya qiymətdən,
Gözümdə düşürdü dünya qiymətdən.

Allah, yadımdadır ilk şeirim də,
Uca çinarlara yazmışdım onu.
Açıb ürəyimi, açıb hissimi
İlk dəfə nənəmə demişdim onu.

Allah, yadımdadır, sevindiyindən
Gözləri gülmüşdü, sözü gülmüşdü.
Mənim qələmimin doğum gününü
Ömrünün ən gözəl günü bilmişdi.

Sən şair könlümü sevib oxşadın,
Mənə qanad verdin uçam Göylərə.
Hər həzin nəğməmi öpdün, qoxuladın,
Özünə bir şeir ummadın yenə.
Canlı nəğmə bildim səni ruhuma,
Dilimdən heç zaman onu salmadım,
İndi göz yaşımda islanan günlər,
Mən sənin qeydinə çox vaxt qalmadım.
Dalıb bu dünyanın min bir üzünə
Deyərdin, hər dərdi insan götürür.
Ay nənə, qəbul et, məzarın üstə
Vüqarlı tər güllər yerinə bu gün
Sənə yazmadığı şeiri gətirir.

QARABAĞ – AZƏRBAYCANDIR!!!

Qarabağ – şikəstə deyil,
Nəğmə deyil, bəstə deyil!
Pafos deyil, sağlıq deyil!
Papaq deyil, yaylıq deyil!
İllik deyil, aylıq deyil!
Qaçqın deyil, köçkün deyil!
Boş-boşuna sürgün deyil!
Başaparan mövzu deyil!
Həsrət deyil, arzu deyil!
Milyonların taleyinə
Həkk olunan yazı deyil!
Canavarın pəncəsinə
Özü keçmiş qoyun deyil!
Qumar deyil, oyun deyil!
Qarabağ futbol da deyil!
Vurulmayan qol da deyil!
Vətən oğlu, yurda əsgər,
Ey ər oğlu ər!
Qarabağ – sonsuz qisasdır!
Ömrümüzə xəzan, yazdır!
Qarabağ – canımızda candır,
Qarabağ – ölümdür, qandır!
Qarabağ – Azərbaycandır!!!