Şəfa VƏLİYEVA.”27-ci günün təəssüratları” (Esse)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

“Beşgünlük dünya”… Bu fəlsəfənin açarı elə yaşamın özündədir axı…

Qədim Şərq fəlsəfəsində dünyanın beşgünlük olması onun faniliyinə, heçliyinə işarə edirdisə, günümüzdə dünyanı dərk edərək “beşgünlük fəlsəfə” ilə yaşayanlara heç də yaxşı nəzərlərlə baxılmır. Bu yerdə bir sual yaranır: Əcəba, biz fəlsəfənin o qədərmi ötəsinə adlamışıq ki, dünyanı dərk etməyi lazımsız hesab edirik? Bax, bu sual adamı o qədər düşündürür ki…

“Ömür dediyin beşcə gün, Bu sonsuz arzular nəydi?” – deyə söylənmişdim bir zamanlar. Dünyanın faniliyini bilərək yenə türlü-türlü istəklərlə onun ətəyindən yapışmağı özümə yaraşdırmamışdım, guya. Həqiqətdə isə hər nə qədər həqiqiliyin fövqünə ucalsa da, bəşər övladı, özünü bilərək, gözünü yumaraq yalan uçurumlarının dibinə atmağı hünər sayır. Unudur ki, əsl hünər məhz altıncı günü də yaşamaqdır…

2017-ci ilin iyul ayında gənc və istedadlı yazar Gülnarə Sadiqin “26 gün” romanı işıq üzü görəndə də məni fəlsəfədəki yaşam ölçüsü düşünməyə vadar etmişdi. Niyə məhz 26 gün? Bəs, bir ayın tamamlanması üçün yerdə qalan beş gün? Elə burdaca “beşgünlük fəlsəfə”nin heçliyini Gülnarə Sadiq anladığı kimi izah edir: heçliyi unudaraq gerisayıma 26-cı gündən başlayır.

Romanı oxuduqca Xatirə ananın Fərmanla birgə doğulan iztirabları daim oxucunun təhtəlşüurunda yolçuluq edir. Yazıçı bu iztirabları taleyin mistikası ilə əlaqələndirir. Burda isə qarşımıza tam fərqli bir fəlsəfə çıxır. Buddanın “dörd xeyirxah həqiqət”indən biri budur ki: “İnsan iztirablarının səbəbləri vardır”. Bu səbəb Gülnarənin romanında əbədiliyə və sonsuzluğa qovuşan aliliyin-şəhidliyin addım səsləri kimi oxucuya təqdim olunur.

Mən indiyədək Gülnarənin poetizmi güclü olan hekayələrini oxumuşdum, hətta, yeri gələndə fikirlərimi bölüşmüşdüm, qeydlərimi özü ilə paylaşmışdım. Lakin onun bütöv bir romanın poetikasını açacaq gücə malik olduğunu anlamamışdım. Ta ki, romanı oxuyanadək. Burada Fərmanın uşaq dəcəlliyi, onun böyüyərkən insanlara qarşı münasibətindəki həssaslıq, “Qırmızı körpü” yaxınlığındakı yaşlı adamla söhbəti – bədii nəsrdə poetizmin ən gözəl təsvir imkanlarından istifadə olunmaqla yaradılıb. Bu məqamda ərəb şairi Tərəfə ibn əl-Əbd haqqında oxuduğum bir cümlə yadıma düşdü: “Tərəfənin təsvirlərindən təsvir doğur”. Gülnarənin nəsri haqqında da eyni fikirləri cəsarətlə söyləməkdən heç vaxt çəkinmərəm.

Nəhayət, romanın oxucunun hisslərini tarım çəkən hissəsi-sonluğu… Lələtəpəyə sancılan bayraq! Şəhid Fərmanın bu bayrağa baxaraq gülümsəyən ruhu!

Sözsüz və şübhəsiz, bədii boyalarla əks edilmiş hər iki tablonun qarşısında baş əymək bir Azərbaycan övladı olaraq bizim qürurumuzdur! Və mən bu qüruru harda “Gülnarə Sadiqin “26 gün” romanı” kəlmələrini oxuyuramsa, yaşayıram…

Və bu gün-məhz 27-ci gündə:

-“26 gün”ü oxumaq üçün heç vaxt gec deyil! – deyirəm…

Gəncə
26.08.2017