Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyamı, mənmi?”

Uşaqlıq şəklimə hey baxıram mən,
İllər xəyalımdan süzülüb keçir.
Şirin xatirələr gözüm önündən
Gah ağlayıb keçir, gah gülüb keçir.

Küçədən tapdığım rəngli bir şüşə,
Könlümü nə qədər sevindirərdi!
Adamlar, adamlar məni həmişə
Oxşayar, əzizlər, xoş dindirərdi.

Xəyalən uçardım ulduza, aya.
Bir təzə sevdaya düşərdim hər gün.
Elə bilərdim ki, bu qoca dünya
Mənimçün yaranıb, ancaq mənimçün.

Dünya həmin dünya deyilmi aya-
Bəs neçin mənimlə əylənmir yenə?
Artıq köhnə dünya, bu qoca dünya
Özgə cür görünür, özgə cür mənə!..

Bəlkə ayrılmışam özüm-özümdən,
Özgə bir adamam bəlkə indi mən?
Dünya gözəlləşir, dəyişir aləm;
Ömür yollarını vüqarla keçdim.
Anlaya bilmirəm, qana bilmirəm
Dünyamı dəyişdi, mənmi dəyişdim?

Yanvar, 1959