Xatirə FƏRƏCLİ.Yeni şeirlər

Soyuq olar söz

Sevdiyinlə danışmağa
sözün yoxsa,
qurtarıbsa,
çalışma söz axtarıb tapasan.
Sonuna çatdığın ipi dartıb uzadanda qırılar,
söz tükəndisə
istək də tükənər,
istək tükəndisə uzatmaq hədər,
uzatdıqca
yaşantılar heçə enər.
…Axtarılıb tapılanda yöndəmsiz olar,
soyuq olar söz,
üşüyər, titrəyər,
istəyi göyə sovuran yellər əsər,
atar sözü boşluğa…

MƏNİ ARA

Hər allanıb güləndə dan,
Hər yadına düşdüyüm an,
Ürəyin istəyən zaman
məni ara.

Bircə qəfil zəng səsiylə,
Bir “necəsən” kəlməsiylə,
Ürək ilə, həvəs ilə
məni ara.

Həzin mehtək əsim-əsim
Titrəməsin kəlmən, səsin,
Təkcə sayğı, diqqət bəsim,
məni ara.

Bu, ömürdür, elə-belə,
Ya sevin, gül, ya dərd elə,
Aldanaq bu sevinc ilə,
məni ara.