Sənin üçün

Məhəbbətin səmasına
Dolanmışam sənin üçün
Bu eşqi can bahasına
Qazanmışam sənin üçün

Göz yummuşam olanlara
Ötənlərdə qalanlara
Ən qorxulu yalanlara
İnanmışam sənin üçün

Sən göylərin sırasında
Bəxtimsə qəm libasında
İki yolun arasında
Dayanmışam sənin üçün

Pıçıldadım qulağına
Çək məni eşq sınağına
Mən ölümün ayağına
Uzanmışam sənin üçün

* * *

Nələr eləməzdim nələr
Bircə sözünnən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Deyirdin ölümdə ayırmaz məni
Güldürmə bu eşqə dostu, düşməni
Mən ki, gecə gündüz qorudum səni
Getdim, hara getdin izinnən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Boğulur vücudum gözüm yaşından
Ayrılmaq fikrini çıxart başından
Sanardım öpürəm Kəbə daşından
Hər dəfə öpəndə üzündən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Gecələr ulduzlar yandı ahımdan
Tək səni dilədim, tək Allahımdan
Nə olar rəhm eylə, keç günahımdan
Düşüm yalvarımmı dizindən sənin?
Beləmi düşmüşəm gözündən sənin?

Sənsizlək ruhumu canımdan aldı,
Məcnun libasında çöllərə saldı.
Sən getdin əbədi mənimlə qaldı
Dərdin, vəfalı imiş özündən sənin.