Şair-publisist Polad SABİRLİ.Yeni şeirlər

* * * 

Nə mən uda bildim, nə məni uddu,
Mənimki dərd ilə heç-heçə gəldi.
Hər kəs özü bilir, öz hesabını,
Kim bilir kiminki hər neçə gəldi.

Hərənin bir cürə həqiqəti var,
Yüz don geyindirir hərə bir sözə.
Beş-beş, on-on artır “dostların” sayı,
Hərə bir fənd ilə dürtülür gözə.

Gözünü, könlünü tox tutasan ki,
Güc gələ bilməyə hər hiss adama.
Ürəyim ağrıyır, yazığım gəlir,
Bu dünya malına həris adama.

06.02.2020.  

EŞQNƏN OYUN OYNAMAZLAR

Sənə zarafat gəlməsin,
Eşqnən oyun oynamazlar.
Dərdin ikiqat gəlməsin,
Eşqnən oyun oynamazlar.

O ki, gəlir nəsil-nəsil, –
Qarşısında ötmə dil-dil,
Əhlət daşıdı elə bil,
Eşqnən oyun oynamazlar.

Taleyin xoş qismətidi,
İki qəlbin ülfətidi,
Sevənlərin cənnətidi
Eşqnən oyun oynamazlar.

El qınağı olur bəzən,
Qaş-qabağı olur bəzən,
Qan çanağı olur bəzən,
Eşqnən oyun oynamazlar.

Qəlbi dəlib-deşməyi var,
Nahaq odda bişməyi var,
Haldan-hala düşməyi var,
Eşqnən oyun oynamazlar.

Eşq gözündə heçdisə, heç,
Ömür onsuz keçdisə, heç,
Adam eşqsiz köçdüsə, heç, 
Eşqnən oyun oynamazlar.

28.01.2020. 

GÖTÜRMÜR

Hər səhvi, hər qəbahəti,
Hər “yükü” çiynim götürmür.
Hörmətdən sonra, minnəti,-
Ürəyim neynim, götürmür.

Bükülüb yumaq olmağı,
Utanıb dümağ olmağı,
Kiməsə yamaq olmağı,-
Götürmür, eynim götürmür.

Çoxu edər nuş, tərifi,-
Yerli-yersiz “xoş” tərifi,
“Yağlı dili”, boş tərifi,-
Nə baş, nə beynim götürmür.

Heyif ki, əyir tərəzi,
Görmüşəm kini, qərəzi,
Keçmişdən qalan hər izi,-
Hər dərdi əynim götürmür.

05.12.2019. 

BİLMİRSƏN

Kimin ipinin üstünə,-
Nəsə yığasan, bilmirsən?
Alqış olub könüllərə,-
Necə yağasan, bilmirsən?!

Nə gün gördün ki, dünyada?!
Nədənsə düşmədin yada.
Öz içində öz hissini,-
Necə boğasan, bilmirsən?!

Məhəl qoymayıb azına,
Can deyəsən hər nazına.
Adam bilib pişvazına,-
Kimin çıxasan, bilmirsən?!

Görəsən niyə məlulsan?
Açılmayan bir məchulsan,
Özün öz evində qulsan,-
Yoxsa ağasan, bilmirsən?!

21.11.2019.