Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Qırx beş ildi ov güdürəm boş yerə,
Saçlarıma kəfən oldu dənim, eh.
Molla hazır, tabut soyuq, can isti…
Daş olmalı halım yoxdu mənim, eh.

Yoxa çıxıb aradakı körpülər,
Bu lal köçü öz arxanca çək, keçir.
Başa düşdük sevgi nədir, guya ki,
Anlamadıq Tanrı bizdən tək keçir…

Aclıq bizi dara çəkir o vaxtdan,
Gör, içimdə bir söz qalıb yeməli?!
Gəlişimiz qışa düşdü, əzizim,
Bəxtimizdə donmaq varmış deməli.

Eh, nə vaxtdı yas tuturam şeytana,
Kimsə demir Allahı yox onun da…
Ürəyinə qorxu düşüb çoxunun,
Belə getsə, daş olacam sonunda.

***

Çöllər gecəyə aşiq…
Niyə his verir şamdan?
Bəlkə ruhum qayıdıb?
Kimsə toz atır damdan.

Ürəyim daş olandan,
Xatirələr daşlaşıb…
Tanrı bilməz içimdə
Neçə arzu yaşlaşıb…

…Sanki vaxt tələsdikcə,
Şərdən güc alır hamı…
Söz demək istəyirəm,
Qaldır son kərə camı…