Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Çərşənbələrr yazın gəlişindən xəbər verir.

Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[1][2]

sadə süfrə

Mündəricat

Su Çərşənbəsi[redaktə | əsas redaktə]

Yumurta Döyüşü

Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Od Çərşənbəsi[redaktə | əsas redaktə]

Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Yel Çərşənbəsi[redaktə | əsas redaktə]

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

İnanclar:

  • Yeli əsdirəni söyməzlər.
  • Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.[3]

İlaxır və ya torpaq çərşənbəsi[redaktə | əsas redaktə]

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səmənixonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. “Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel, Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi –

deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi.

Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır. 

Ümumiyyətlə, qeyd olunan çərşənbələrdə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti və rolu var. Onların hər biri ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün çox vacib funksiyanı yerinə yetirməklə, hamısı birləşib vahid bir komponent təşkil edir və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını böyütməklə yanlışlığa yol vermək olmaz. 

İlaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb adlanmalarına baxmayaraq, xalqımız Su, Od, Yel və Torpaq çərşənbələrinə hər zaman eyni qaydada önəm verib. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi diqqət çəkir. Bütün çərşənbələrdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı qüvvəyə xoş gedəcək ayin və rituallar həyata keçirir. Professor Azad Nəbiyevin “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” fikrinə əsasən Axır çərşənbənin Suya, Atəşə, Yelə və Torpağa tapınmanı digər üç çərşənbənin mərasim keyfiyyətlərinə də aid etmək olar. 

Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. 

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. 

Torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real həyati varlıq stixiyasıdır. Torpaq deyir: “Öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu bildirilir. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir…

Torpaq çərşənbəsində digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.