Həyat ümmanında hər ömür ada-
suyunda əriyən şəkərdi insan,
hər biri özünə “Ağa” olsa da,
başqa birisinə nökərdi insan.

Tanrı bilə-bilə (sirr açım sizə)
Şeytanı,İblisi oxşadıb bizə,
yaxşı ki,görünmür gözlərimzə-
yoxsa zəhləsini tökərdi insan!

Gəncə-sevgi dayaq,qocaya-əsa,
“olumla”-“ölümün” arası qısa,
saf-çürük etməyə imkanı olsa,
bəlkə başqa ömrü seçərdi İnsan!?

Bir sonsuz axındı,çətin ki,bitər,
üstündə qırğındı; sər-sərvət didər!
O dünya yaxındır-anında gedər,
Vətənsiz quş kimi köçəri insan!

Qışdan çıxa bilsə,üz tutar yaza,
qələm tuta bilsə-əl gərək yaza!
Şeytannan hiyləgər tamah olmasa,
hər yerdən Cənnətə köçardi insan.

Çoxuna əl atdım itib-batanda,
özgə dərdləyiylə yatdım yatanda,
səpdiyi dənlərə haram qatanda,
biçəndə anlayr: “Nə dərdi?”- insan.

İnan sözlərinə Vahid ƏZİZin,
heç nə fayda verməz acdırsa gözün,
ibadət etməkdən getsə də dizin,
“Namazın”,”Orucun” hədərdi,insan…