Həsən kişinin iki ekiz oğlu var idi. Oğlanlardan birinin adı Musa, o birininki İsa idi. Bu əkizlər o qədər oxşayırdılar ki, onları fərqləndimək belə çox çətin idi. Qohum-qonşu uşaqları ayıra bilmirdilər. Lap kiçik yaşlarından İsanın sakit və ağıllı, Musanın isə dəcəl və qoçaq olduğu bəlli oldu.
    İsa və Musa böyüyüb məktəbə getdilər. Həmin gündən valideynlər də çaş-baş qaldılar. Müəllim xəbər göndərdi ki, İsa çox şuluqdu, uşaqlarla dalaşır, Musa isə, maşallah, çox ağıllıdır. Ata-ana görürdü ki, İsa bütün günü çalışır, dərslərini hazırlayır, amma Musanın gündəliyinə “beş”lər yazılır. İllər keçdi, uşaqlar böyüdülər.
İsa həm özünün, həm də   Musanın əvəzinə ali məktəbə imtahan verdi.    
   Qardaşlar təhsillərini başa vurdular. Hərəsi bir peşənin sahibi oldu. Musa neftçi- mühəndis, İsa avtomobil mütəxəssisi kimi işləməyə başladı. Musa yeri gələndə  İsanın adından istifadə edir, lazım olanda gördüyü günah işləri  İsanın üstünə atmaqdan da çəkinmirdi.
   …Musanın toyu idi. O, tay-tuşlarını xeyir işə dəvət etmişdi. Dostlarının toyunda yeyib-içən, onlarla duzlu-məzəli zarafat edən Musa başa düşürdü ki, qonaqları ondan “hayıf” çıxacaqlar. Ona görə də ustalıqla aradan çıxıb qonaqların yanına qardaşını göndərdi. İsa qonaqlarla mehribanlıqla rəftar edir, deyib-gülürdü. Qədəhlər dolub-boşalır, bəyin sağlığına badələr qaldırılırdı. Üçüncü badədən sonra qonaqlardan biri –  baməzə Nadir özünü saxlaya bilməyib:
   –Ayə, Musa, axı sən bəysən. Elimizin adətinə görə bəy toy günü az içməlidir. Bizi biabır etmək istəyirsən?
   –Nadir, mən Musa deyiləm, İsayam.                                                                
   Elə bu an Musa göründü:
   –Necədir, Nadir? Qardaşım mənə çoxmu oxşayır? –deyib qəh-qəhə çəkdi.
Məclisdəkilər Musanın qəh-qəhəsinə qoşuldular.
  Musagilin yaşayış yeri ilə işlədiyi qəsəbə arasında xeyli məsafə var idi. Xidməti maşın olmadığından Musa bu yolu gedib gəlməkdə həm  çətinlik çəkir, həm də xeyli pul xərcləyirdi. Elə oldu ki, İsa da həmin qəsəbədəki sürücülük məktəbinə müəllim təyin olundu. İsa işinə can yandırır, şagirdlərinə diqqət və qayğı göstərirdi. Musanın Allahı vermişdi. Hər gün dayanacaqda gözləyərkən avtomobil sahibləri onu çağırıb:
   –İsa müəllim, buyurun əyləşin,  gedək, – deyirdilər.
Bu avtomobil sahibləri sürücülük məktəbində daha yüksək dərəcə almaq istəyənlər idilər. Onlar Musanı İsa müəllim hesab edir, ona hörmət və nəzakət göstərirdilər. Musa xoşhal olur, sürücülərin “İsa müəllim“ müraciətinə  “bəli” deməklə kifayətlənirdi. Evlərinə çatdıqda özündən razı halda bic-bic gülümsünərək İsa ilə ekiz olduğuna görə çox sevinirdi.
   Lakin İsadan bəzi şagirdləri narazı idi. O, güzəşt etməyi sevmirdi və istəyirdi ki, sürücülər öz ixtisaslarına mükəmməl yiyələnsinlər. Kərim adlı sürücü yüksək dərəcə almaq üçün dəfələrlə imtahan vermiş və hər dəfə də İsa müəllimdən “iki” almışdı. Kərim qət etmişdi ki, İsa müəllimdən qisas alsın. Fürsət axtarırdı ki, onunla hesablaşsın. Nəhayət, bir gün dayanacaqda Musanı görüb səslədi:
   –İsa müəllim, gəlin, gedək.
   Musa ərklə maşına mindi.
   Bir qədər getdikdən sonra Kərim:
   –İsa müəllim, necəsiniz, işiəriniz necə gedir?
   –Sağ olun, –  Musa cavab verdi.
   –İsa müəllim, ”avtoşkola”da nə var, nə yox?
   –Hər şey yaxşıdır.
   –İsa müəllim, bəs məni niyə get-gələ salırsan? -Kərim avtomobilin əyləcini elə basdı ki, Musanın başı maşının qabaq şüşəsinə dəydi. –  Burada sənin aşının suyunu necə verərdim?  Onda bilərdin ki, adam incitmək necə olur.
   – Məən, məəən…
   Musanın dili topuq çaldı. Tez maşından düşdü. Kərim ədəbsiz küçə söyüşləri işlədərək maşını sürətlə uzaqlaşdırdı.
   Küləkli, yağmurlu havada kimsəsiz küçədə kədərlə dayanan Musa ömründə ilk dəfə idi ki, İsayla ekiz olduğuna görə bəxtini lənətləyirdi.