Azərbaycanlı şairə Rahilə xanım DÖVRAN.Seçilmiş şeirlər (I hissə)

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

 BU GÜN KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR-

YA QİSMƏT
Vətən borcumuz çox, ömrümüzsə az,
Kəlbəcəri bir də görəm- ya qismət.
Taledən, qismətdən kimsə qaçammaz,
Dağında lalələr dərəm- ya qismət.

Zirvədə buludu qatar- qatardır,
Güneyi nərgizli, quzeyi qardır.
Dörd fəslin hamısı burda bahardır,
Süsəni sünbülə hörəm- ya qismət.

Səs sala dağına Şəmkirin sazı,
Bütün igidlərə çata avazı.
Ola qoç döyüşü, qeyrət davası,
Köksümü qabardıb, gərəm- ya qismət.

Yığam Mübariztək vətən gəncini,
Çaldıram Murovda sanlı cəngini.
Qaçıram düşmənin murdar rəngini,
Hayqıram:- “Ər oğlu-ərəm”- ya qismət.

Qarşısı alınsın qanlı sellərin,
Ordum xilaskarı doğma ellərin.
Dövran da yurdunun bütün güllərin,
Ayağı altına sərə, – ya qismət.

BU GÜN HEÇ KİMİN UNUTMAYACAĞI ” 31- MART AZƏRBAYCANLILARIN SYQIRIMI! GÜNÜDÜR/

TÜRK SAVAŞI
Daş yazılar salnamədir qalın-qalın,
Oxuyun siz keçmişimdən xəbər alın.
Sədasını dinləyin siz daş qavalın,
Türk elləri döyüşlərdə deyil naşı,
Qiyamətdən betər olar türk savaşı.

Od yaranıb, od doğulub, od diyarım,
Sönməz oddur, oğlum, qızım, ixtiyarım.
Oddur kaman, oddur sazım, oddur tarım,
Alovdandır, atəşdəndir od yaddaşı,
Qiyamətdən betər olar türk savaşı.

Yad baxışlar kor olubdur od elimdə,
Qədəm basıb qovrulublar od selimdə.
Şahinlərim qiyyə çəkib at belində
“Cəngi”ləri titrədibdir dağı, daşı,
Qiyamətdən betər olar türk savaşı.

Vətən üçün candan keçən fədaim var,
Tomrisim var, Cavanşirim, Xətaim var.
İsrafilim, Mehdim, Həzim, Gərayım var,
Əziləcək yağıların mənfur başı,
Qiyamətdən betər olar türk savaşı.

Sevinməsin o kəmfürsət, qanlı yağı,
Uzaq deyil Qarabağın zəfər çağı.
Çəkiləcək pak torpaqdan yad ayağı,
Dövran qoymaz yad əlində bir qarışın,
Qiyamətdən betər olar türk savaşı.