Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (II hissə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Mən bir səhər hamıdan çıxıb gedə bilərəm,
Bir söz də söyləmərəm,qınamaram heç kimi.
Nə varsa yaddaşımdan qazıyaram,silərəm,
Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.

Canım,vallah,yalandı şairlik də,filan da,
Bax,hər gecə özümü ürəyimdən asıram.
Bir əzabın odunda közərdirəm sözləri,
Mən şeir ha yazmıram,sinəmə dağ basıram.

Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq,
Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə.
Elə yanıb əllərim,uzatmağa qorxuram,
Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə…

Qəm yemə,keçdi getdi…indi susuz səhrayam,
Bir əlçim bulud tapım gözlərimi sıxmağa.
Güclə sürüyüb gedir hərə öz şələsini,
Axtarsan bir adam yox,kövrəlib darıxmağa.

Zamanın qatarında kim yatmış,kim oyaqdı?!
Kim var bircə gecəılik düşüb qonaq qalmağa?!
Qoymadılar qayıdam bir gün uşaqlığıma,
Qoymadıar məni də dönüb adam olmağa.

Köhnələrdən…

Qaçırdı hamını göy gurultusu,
Çəkildi xəlvətə boz sərçələr də.
Bir dəli yağışdı,bir də ikimiz,
Gəzib dolaşırıq boş küçələrdə.

Bir ara əlindən çıxdı çətirin,
Az qaldı küləyə qoşulub gedə.
Bayaqdan dolaşır ayaqlarıma,
Bir pişik balası çıxıb döngədən.

Dağıdıb saçını söyüd ağlayır,
Çolaq dilənçinin boş qalıb yeri.
Yağış asta-asta yuyub aparır
Hisini-pasını qoca şəhərin…

Bir sevgi məktubu ilişib qalıb
Titrəyə-titrəyə bir gül koluna.
Sahildə üşüyən qoşa fidan şam
Girib bir-birinin yenə qoluna.

Axşam necə düşüb xəbərimiz yox,
Qara gözlərindən vaxt axıb gedir.
Bir azca üzünə soyuq baxanda,
Incik qonaq kimi eşq çıxıb gedir…

Gün günə bənzəməz,tale taleyə;
Bir ömür axtarsan tapılmaz itik.
“Sənə demədimmi qoşulma mənə…”
“ Çox gecdi…sonuncu qatar da getdi…”

…Bir də haçan yana sönən işıqlar?
Qurut ürəyimdə yaş əllərini.
Doldurub bir ovuc işıq da apar
Evə qayıdanda boş əllərini.