NƏ?

Qayıdım,yoxsa ki,gedim,
nə gizlənir gözündə,nə?
gülüm,mənə nə deyirdin
süzdürəndə gözündə,nə?!

İllərdir açıb-soluruq,
ayrılırıq,qovuşuruq,
barışıb-düşmən oluruq;
nə olarıq küsəndə,nə?!

İncımə Fələk aparsa,
yollarımı hicran qırsa,
bu üzündə ölüm varsa,
dünyanın o üzündə nə?

Özümü-çiçəyin edim,
harda əksən-orda bitim,
alanda:”Qurbanam!”-dedin,
ürəyimi üzəndə nə?

Yadında qalırmı adım?
hansı simdə xatırladım?
“Eşq dağında”-Leylim oldun,
“Məcnunların düzündə”-nə?

Yelkənlərə dolar külək,
çəkər bizi qayıqlartək,
səmt yelinə-“Əhsən”-desək,
ayrı-ayrı əsəndə nə?

SOYUDU…

Vallah,yaxşıymış “boğanaq”,
payız gəldi yel soyudu,
salınıb didərgin,qaçaq
yurd-yuvadan el soyudu,

Qurtardı yazların nazı,
süd-qatığın ağartısı,
söndü közlər parıltısı,
ocaqlarda kül soyudu,

Dağ yolları çən içində,
kərənti çəmən içində,
ormanlar zökəm içində,
durnalarda dil soyudu,

Nə tüstülü qarlı damlar,
nə təndirlər qalayan var,
xumar-xumar soyuyanlar
bu dəfə qəfil soyudu,

Sağanağa dəri çəkdik–
çırtma vurub dingildətdik,
zamanında dindirmədik,
bizlərdən təbil soyudu,

Gətirmədi,Vahid ƏZİZ,
bağlı bəxt,açıq əlimiz,
yasaqlanmış tariximiz
qalıb ilbə-il soyudu…