Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XVI hissə)

İTİRİLMİŞ OBALAR…

Vaxt gedir büdrəyərək,

yeriyir əsə-əsə,

itirilmiş hər şəhər,

yoxa çıxmış qəsəbə-

qızıl dolu bir kisə.

Dağılmış binaların

yox oldu qapıları,

salamat qalanların

paslanıb açarları.

Yolun düşsə haçansa,

kim çıxar qabağına?

daha burda evlərin

quşlar qonmaz damına–

çünkü bu obalarda

daha həyatdan iz yox,

ləmpələrində işıq,

ocaqlarında köz yox.

İtirilmiş kəndlərin

cığırların ot basıb,

bərəkətdən əsər yox,

xırmanların yad basıb.

İtirilmiş obalar

getmiş ismət kimidir,

yoxa çıxmış ləyaqət,

itmiş qeyrət kimidir…

18,08,2020.

NƏ QƏDƏR VARAMSA…

Şükürlər Tanrıya,yaşadım az-çox,

vaxtımın xeylisi getsə də hədər,

tərifə-filana ehtiyaclm yox,

nə qədər varamsa o qədər yetər.

Hər an bir cür olur həyatın rəngi,

kim hansın istəyir seçib sevinsin,

xırdalar özünü təriflədir ki,

alçala-alçala ucala bilsin.

Namərd–yetim payın əlindən qaplb,

insanı yaşadar mərhəmət,saflıq,

məni səmt yelləri özləri tapıb,

həm yelkən olmuşam,həm də ki,qayıq.

Həm dahi bizimki,həm də ki,dəli;

arada dolaşan Şeytan əliydi,

laylalar anladan Anamın dili

təkcə onun deyil-Vətən diliydi.

Çox nadan çalışdı qəddimi əyə,

xainlər artdıqca məzlum oluruq,

atalar dünyadan tez köçür deyə,

ana kölgəsində solğun qalırıq.

Ömür Dastanımın sicimi uzun,

içdə Tanrı varsa ümid üzülməz,

ruhu Peyğəmbərin mübarək olsun,

“İnsanı sevməyən Allahı sevməz!”.

Var olsun dünyanı; yaşadın az-çox;

bir ömrə bərabər xoş dəqiqələr,

tərifə-filana ehtiyacım yox,

nə qədər varamsa,o qədər yetər…04,08,2020.