Bu sevgi

Aramızda nə qalır ki,
Bir keçilməz dərya var.
Yadımızda nə qalır ki,
Bir yozulmaz röya var.

Səni məndən kim alar ki?
Qismətinə kim qalar ki?
Mənim olsan nə olar ki?
Dağılmaz ki, bu dünya…

Bu çalınan nə kamandır?
Ürəyimin telləri…
Görüşmürük nə zamandır,
Saymaq olmur illəri…

Bilməz idim sinəmdəsən,
Bu kimsəsiz aləmdəsən.
Qarşılaşsan mənimlə sən,
Dağılmaz ki bu dünya…

XƏBƏR AL ÇİÇƏKDƏN, BÜLBÜLDƏN SAZI…

Fərq etməz-ya abad, ya bərbad olsun,
bu dunya qoruyar binədən sazı,
aşıqlar-aşığı, ruhun şad olsun,
tel tutub, söz tapıb, öyrədən sazı,

Qundağı ərikdən, çanağı tutdu,
pərdələr-ipəyə dönmüş buluddu,
dövranlar dağ yıxdı, taxtlar uçurtdu…
yendirə bilmədi sinədən sazı.

Hələ də duyular Ələsgər səsi,
Abbas Tufarqanlı, Şəmşir hikkəsi,
tarix eşələnsin, vaxt silkələnsin,
yaxşı bilən olmaz bu eldən sazı!

El deşər gözünü qəsdinə dursan,
pərdəyə ilişib, telini qırsan,
mənə inanmasan, anlamaz olan,
xəbər al çiçəkdən, bülbüldən sazı.

Həsrəti ürəkdə, sevdası başda,
alova bürünər simlər savaşda,
çətin bu heyrətlər olar ağacda;
yığdılar o teldən, bu teldən sazı,

Bineyi-qədimnən pərvazdı belə,
Murovdu, Dəli Kür, Arazdı belə,
aşıq, Vahid ƏZİZ yanmazdı belə,
əgər sevməsəydi könüldən sazı…