Çörək

Çörək müqəddəsdir eldə, obada,
Əslər boyunca unudulmayıb.
Odu ayaqlayıb ötən olsa da,
Çörəyin üstündən keçən olmayıb.

Odur süfrəmizə yaraşıq, bəzək,
Açmış qapımızı nə qədər qonaq.
Biz çörək vermədik çörək istəyək,
Biz çörək verdik ki, çörəkli olaq.

Qılınc

Dağılmış bir yurdun xərabəsindən,
Bir qılınc qarşıma çıxdı bu səhər.
Necə də rənginə qaralıq çöküb,
Axıb dolandıqca aylar, fəsillər.

Bir insan əlində oynayan qılınc,
Min ömrə son qoyub, min qəlbə dəydi.
Torpağın altında çürüməzdi o,
Torpağın üstündə qan tökməsəydi.

*Bu şeirlər Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.