Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Baxıram həyata necə buz kimi,
Qaldım xəyallarda yuxusuz kimi,
Eşqi qərib düşən nakam qız kimi,
Bu axşam bir şeir yazmağım gəlir.

Könlümün səhrası düzəndi, düzdü,
Boylandım gümanlar gözünü süzdü,
Ürəyim dərd yeri, kösövdü, közdü,
Bu axşam bir şeir yazmağım gəlir.

Halına çox yandım əriyən şamın,
Fələk də dadına yetmir nakamın,
Qalaraq küncündə bir uçuq damın,
Bu axşam bir şeir yazmağım gəlir.

Bəxtin naxışına üz tutanda qəm,
Kədər yar deyib oluram həmdəm,
Qəlbimdə göz yaşı, yanağmda nəm,
Bu axşam bir şeir yazmağım gəlir.

Dərdi var dünyanın, yerin, göyün də,
Dərd səni tapanda sevin, öyün də,
Ölmüş arzuların lap ətəyində,
Bu axşam bir şeir yazmağım gəlir.

Dəli gülüşlərin hay-harayında.
Sevən könüllərin neçə sayında,
İtən ümidlərin lap o tayında,
Bu axşam bir şeir yazmağım gəlir.

Bilmirəm səhrayam, bilmirəm çöləm,
Bəılkə də ümmanam, bəlkə də göləm,
Bu axşam sinənə baş qoyub öləm,
Bu axşam bir şeir yazmağım gəlir.