Qəmdən zər-zibalı yazılan bəxtim.
Rüzgarı telimə hey sığal oldu.
Uşaqkən yıxıldı atalı təxtim,
Bu nisgil qəlbimə qara xal oldu.

Duyduqca kövrəldim ata nəğməsin,
Həsrətin sazağı göynətdi məni.
Dindi xatirəmdə dərd için-için,
Biçib qəm köynəyin inlətdi məni.

Zamanın ovcunda sıxılıb qaldım,
Xəzana büründü ömür çiçəyim.
Üzdüm əllərimi haqsız dünyadan,
Töküldü ömrümün küsən ləçəyi.

Sevgi ümmanında uçan duyğular,
Dalğalar qoynunda çırpıldı daşa.
Hicran şərbətini süzdü badəmə.
Bil, sənsiz yaşadım səninlə qoşa.

Azdı eşq yuxulu xəyallarımda,
Gənclik illərimin qoxusu itdi.
Cavab tapmadığım suallarıma,
Ruhumda bir həsrət nəğməsi bitdi.

03.01.2021.