Qışda doğulmağım bəs edər mənə,
Məni öldürəndə yaz öldür, Allah!
Bilim hansı gündü gedəcəyim gün,
Ölüm tariximi yaz, öldür, Allah.

Qoy yatım, yuxudan qaldırma məni,
Əcəlin cəngindən saldırma məni,
Zarıya-zarıya öldürmə məni,
Öldürə bilirsən, saz öldür, Allah!

Acı gülüşlərin ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım lal.
Alırsan canımı birdəfəlik al,
Bu qədər ağrıyla az öldür, Allah!

2004, 29 sentyabr
Cenevrə