TANINMAYAN TANIDIĞIM

Natiq Səfiyev reklamdan çox yaradıcılığa üstünlük verir

Bu günlərdə yaradıcılığına və insanlığına çox böyük önəm verdiyim dəyərli ziyalılarımızdan biri şair Ramiz Məmmədzadə telefon söhbəti zamanı sözarası soruşdu ki, Natiq Səfiyevi tanıyırsan, yoxsa yox. Mən təbii ki, bu imza ilə qarşılaşdığımı, ancaq söhbətin konkret kimdən getdiyini bilmədiyimi söylədim. Elə Ramiz müəllim də özünəməxsus şəkildə vurğuladı ki, Natiq həqiqətən zəhmətkeş, tərcümə işini gözəl bilən, böyük pedaqoji təcrübəsi olan ziyalıdır və eyni zamanda, həm də birlikdə ali təhsil alıblar. Necə deyərlər, onu özü qədər tanıyır və istəyir ki, bu dəyərli insanla mən həmsöhbət olum və onu yaxından tanıyım.

Təbii ki, bu təklif ürəyimcə oldu və Ramiz müəllimin məsləhəti ilə Natiq Yusif oğlu Səfiyevlə redaksiyamızda üz-üzə oturduq. Öncə bir-birimizin barəsində bir balaca fikir mübadiləsi etdikdən sonra onun razılığı ilə diktafonu ortaya qoydum:

– Natiq müəllim, gəlin sizi oxuculara elə öz sözlərinizlə təqdim edək.

– 1939-cu ilin mart ayının 21-də Bakı şəhərində həkim ailəsində doğulmuşam. 1957-ci ildə Quba rayon Alpan kənd orta məktəbini bitirmişəm, sonra həyatımın əməklə, zəhmətlə bağlı illəri başlayıb. Öncə Bakı Teleqrafında korrektor işləyib, bir il sonra isə o vaxtkı APİ-nin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşam. İnstitutu bitirib, Neftçala rayonundakı 1 nömrəli məktəbə işləməyə göndərildim, oradan da ordu sıralarına çağırıldım. Elə orduda da yaradıcılığa olan meyillərim özünü göstərməyə başladı. İlk məqalələrim məhz xidmət etdiyim diviziyanın “Keşikdə” qəzetində işıq üzü görməyə başladı. Ordudan təxris edildikdən sonra Abşeron rayonunda müxtəlif vəzifələrdə işləməyə başladım. Pioner və məktəblilər evinin müdiri oldum. Bu iş mənə imkan verdi ki, “Abşeron” qəzeti ilə əməkdaşlıq edim. Necə deyərlər, illər ötdükcə həyatımda da bir-birini əvəzləyən dəyişikliklər baş verir, müxtəlif vəzifələrə irəli çəkilirdim. Sonra məktəb direktoru, direktor müavini, komsomol işçisi və s. vəzifələri icra etdim. Amma ixtisasımı dəyişmək istəyi mənə rahatlıq vermirdi. Ona görə də yenidən M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun II kursuna qəbul olundum. İnstitutda oxuduğum illərdə qiyabi təhsil aldığım üçün əmək fəaliyyətimi də davam etdirirdim. Demək olar ki, 1972-ci ildən 2008-ci ilə qədər Xırdalan şəhərindəki 1 saylı məktəbdə rus dili və ədəbiyyatından dərs dedim. Burada rus dili kabineti, dostluq muzeyi yaratdım. Dəfələrlə qəsəbə sovetinin deputatı seçildim, yerli və Ali məhkəmədə xalq iclasçısı oldum. Amma bu ictimai işlərin çoxluğuna baxmayaraq, mən öz yolumu axtarır, ürəyimə hakim kəsilmiş yaradıcılığım, daha çox isə tərcümə işinin qulpundan yapışırdım. Onu da deyim ki, müəllim kimi işlədiyim illərdə 14 respublika, 6 ümumittifaq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişəm. Çoxlu mükafatlar, diplomlar, fəxri fərmanlar almışam. Müsabiqələrin istər beynəlxalq, istər ümumittifaq, istərsə də respublika müsabiqələrinin iştirakçısı olmuşam. SSRİ Pedaqoji Elmlər Akademiyasının keçirdiyi müsabiqəsində II yeri tutmuşam, ümumiyyətlə isə çoxlu sayda yaradıcılıq diplomlarının, döş nişanlarının sahibi olmuşam, “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” adlarına layiq görülmüşəm. AYB-nin və AJB-nin üzvüyəm.

– Natiq müəllim, sizin pedaqoji fəaliyyətiniz çoxşaxəli və necə deyərlər, kifayət qədər zəngindir. Fəaliyyətiniz dövründə rus dili müəllimlərinə kömək məqsədi ilə metodik kitablar da hazırlayıb çap etdirmisiniz, məqalələriniz müttəfiq respublikalarda, o cümlədən Bolqarıstanda, eləcə də ingilis, fransız, alman dillərində də çap edilibdir. Təkcə son illərdə 7 kitabınız işıq üzü görüb. Bu kitabların da böyük əksəriyyəti sizin tərcümənizdir.

– Bəli, keçən əsrin 80-ci illərində müəllim yoldaşlarımdan biri mənə bolqar və rus dillərində çap edilən “Kartinnaya qalereya” jurnalının iki illik nömrələrini hədiyyə etdi. Jurnalları gözdən keçirəndə bolqar yazıçılarının hekayə və nağılları diqqətimi çəkdi. Ürəyimin hökmü ilə onları tərcümə etməyə başladım. İlk tərcüməm bolqar yazıçısı İvan Boqdanovun “Yazıçı və oğlan” hekayəsi oldu. Hekayə “Abşeron” qəzetində işıq üzü gördü. Bu məni daha da həvəsləndirdi. Elə o həvəslə də demək olar ki, işə daha ürəklə girişdim. Ardıcıl olaraq respublika qəzetləri, “Azərbaycan təbiəti” və “Azərbaycan” jurnallarında və digər jurnallarda 40-dan artıq tərcümələrim çap olundu. Sonra bu tərcümələri iki kitab halında nəşr etdirdim. Həm də mən həmin jurnallardan dünyanın ən məşhur muzeyləri, rəssamları, heykəltaraşları barəsində olan yazıları da tərcümə edirdim. Sonra “NLO” jurnalının və “Meqapolis Novosti” qəzetindən də tərcümələr edərək oxucuların ixtiyarına təqdim etdim. Bir sözlə, bu iş məni özünə elə cəlb etdi ki, tərcümələrdən ayrı özümü təsəvvür edə bilmədim. Təkcə 2010-cu ildən bu ilin əvvəllərinə kimi dünya yazıçılarının 125 nağıl və hekayəsini, həmçinin dünya xalqlarının 350-dən çox nağıllarını doğma dilimizə tərcümə edib oxucuların ixtiyarına vermişəm. Necə deyərlər, bu tərcümələr mənə həm ömür bəxş edib, həm könül rahatlığı, həm də oxucularımıza mənim könüllü xidmətim sayıla bilər.

– Natiq müəllim, sizin imzanız bugünkü mətbuatımızda kifayət qədər görünməkdədir və bu özünü təsdiq etmiş imzanın sahibi xidmətinin qarşılığında nə alıbdır?

– Əvvəldə də qeyd etdiyim kimi, 1963-cü ildən jurnalistika ilə məşğulam. Bu illər ərzində istər SSRİ, istərsə də respublika qəzet və jurnallarında 6000-dən çox müxtəlif janrda yazılarım işıq üzü görüb. Mən demək olar ki, jurnalistikanın bütün janrlarında qələmimi sınamışam. Hətta 1976-cı ildən 1992-ci ilə qədər dövlət televiziya və radiosu ilə əməkdaşlıq etmişəm. Radioda 53, televiziyada isə 136 verilişin yayımlanmasında və səslənməsində mənim əməyim, yəni təqdim etdiyim süjetlər əsas rol oynayıbdı. Daha çox isə “Pioner və məktəblilər” baş redaksiyası ilə əməkdaşlıq etmişəm. Bax, bütün bunların müqabilində çoxlu diplom və fəxri fərmanlar almışam. Ancaq təəssüf ki, müstəqillik dövründə mənim xidmətlərim əlaqədar təşkilatların diqqətini çəkməyib. Nə mətbuat günündə, nə də digər əlamətdar məqamlarda bir dəfə də olsun məni xatırlayıb sevindirmək istəməyiblər. Təbii ki, bu da mənə müəyyən qədər təsir edib. Hətta müraciətlərimə də cavab verilmir. Amma neyləmək olar, görünür bu mənim taleyimdir və mən də taleyimə boyun əymədən öz yaradıcılığımla, tərcümələrimlə məşğulam. Yəqin nə vaxtsa kimlərinsə yadına düşüb xatırlanaram.

– Bu illər ərzində gördüyünüz işlərə görə peşiman deyilsiniz ki?

– Belə baxanda insan heç vaxt gərək peşimançılıq hissi yaşamasın. Çünki artıq nə etmisənsə onu da yaşamısan. Yəni edilməli olanı etmisən. Ona hansı qiymət verilib-verilməyib bu başqa məsələ. Amma mənə ağır gələn odur ki, uzun illər nə Abşeron rayonunun indiki Xırdalan şəhərində çalışdığım məktəbdə pedaqoji kollektivdə, nə də rayonun təhsil idarəsində mənimlə bağlı müsbət fikirləri ortaya qoyan, bu fikirləri təqdimatlarla gerçəkləşdirən olmayıb. Sadəcə hamı quru sözlərlə mənə təşəkkürünü bildirib, işimi tərifləyib, geniş ictimai və pedaqoji fəaliyyətimi dilə gətirib. Məktəblilərlə Azərbaycanın tanınmış söz-sənət adamlarının görüşlərini keçirməyi, beynəlmiləl dostluq klublarını yaratmağı, məktəblilər arasında torpağa, millətə, beynəlmiləlçiliyə sevgilər aşılamağım sadəcə bir vəzifə kimi xatırlanıb. Amma heç kim mənə hansısa bir fəxri ad vermək və yaxud dəyərli bir hədiyyə ilə adımı çəkmək fikrində olmayıb. Hətta rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevə dəfələrlə müraciət etmişəm. O da öz növbəsində dəfələrlə bildirib ki, qoy yuxarıdan desinlər, mən də sənə təqdimat yazım. Başa düşə bilmirəm ki, məni hamıdan yaxşı tanıyan Nadir müəllimə niyə kimsə nə isə deməlidir.

– Maşallah olsun, artıq ömrün 70 ilini arxada qoymusunuz. Sizə qarşı hansı biganəliklər olmasından asılı olmayaraq, siz öz istedadınızla özünüzü kifayət qədər təsdiqləmisiniz. Bu mənada qarşıdakı illər üçün nələri düşünürsünüz?

– Öncə onu deyim ki, həyatımdan, gördüyüm işlərdən narazı deyiləm. Mən bir vətəndaş olaraq üzərimə düşən işin öhdəsindən gəlməyə çalışmışam. Təkcə son illərdə 7 kitabım işıq üzü görüb. Barəmdə isə Akif Şahverdiyevin “Ömrə sığmayan həyat”, “Natiq Səfiyevin biblioqrafik göstəriciləri” ( tərtib edəni Güntəkin İlyasova), “Qırx il mətbuatda” (tərtib edəni Hikmət Məlikzadə) və çoxlu sayda məqalələr, elmi-publisistik yazılar yazılıb. Hətta üç filmə də çəkilmişəm. Bütün bunlardan başqa “Həyatımın sevincli anları” rubrikası adı altında mətbuatda çıxışlar da etmişəm. Həyatda dostlarımdan, tanış olduğum xeyirxah insanlardan həmişə səmimiyyət görmüşəm, uğurlarıma onların necə sevindiyini hiss etmişəm, heç vaxt var-dövlət hərisi olmamışam, öz halal əməyimlə yaşamışam. Dərs dediyim məzunlarla bu gün də ən doğma adamlar kimi görüşürəm. Sadəcə yaradıcılığıma, xidmətlərimə laqeydlik hərdən məni sıxır. Bu da bizim indi mentalitetimizdə mövcud qüsurlardan bəlkə də birincisidir. Yəqin nə vaxtsa bu da düzələr. O ki, qadın sabahkı işlərə… Mənim bircə işim var. O da qələm və ağ kağızla bağlıdır!..

…Mən Natiq Səfiyevlə çox məqamlardan, çox mətləblərdən danışdım və bir daha əmin oldum ki, ömrünün gözəl çağlarını yaşayan Natiq müəllim gənclik həvəsi ilə yazıb-yaratmaq gücündədir. Tanrı bu gücü, bu həvəsi ona çox görməsin.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2011.- 13 aprel.- S. 4