XIX əsrin sonları, XX əsrin birinci yarı­sın­da yaşayıb ya­rat­mış şair Ağacan sovet rep­ressiya maşınının qurban­la­rın­dan­dır. Ağacan Cabbar oğlu Cabbarlı Şorayıl mahalının (hazır­da bu mahal da vax­tilə Azərbaycan torpaqları hesabına yara­dı­laraq Ermənistan adlandırılan döv­lə­tin ərazisin­də­dir) Qarakilsə (Qaraisə) kən­din­də dünyaya gəlib. Sonradan Borça­lıda məs­kun­laşan Ağa­can Cabbar oğlu bura­da yaşayıb yarat­mış, aşıq sə­­nətinin inkiafında bö­yük xid­mət­ləri olmuşdur. Təkcə onu de­mək kifayət­dir ki, Borçalının məşhur aşıqlarından olan Quşçu İb­rahim Ağa­ca­nın şəyirdi olub. Quşçu İbra­hi­min şəyirdi isə XX əsrin məşhur ustadlarından olan aşıq Hüseyn Saraçlıdır. Şair-aşıq kimi Borça­lı­da çox məşhur olan Ağa­­canın şeirləri bu gün də aşıqların dilindən düşmür. İndiyədək onun haqqında çox yazılıb, bütün külliyyatını əhatə etməsə də, şeirlərindən iba­rət kitab da işıq üzü görüb. Və indiyədək işıq üzü gör­­müş bir çox kitablarda, məqalələrdə onun 1886-cı ildə anadan oldu­ğu göstərilib. 

Amma Ağacanın 4-5 il bundan əvvələdək yaşamış və 80 il­dən çox ömür sürmüş qızı Göyçək xanım isə atasının doğum tari­xinin indiyədək yanlış göstərildiyini deyirdi. O, bu qənaətdə idi ki, aatasının doğum tarixinin indiyədək bütün mənbələrdə 1886-cı il kimi göstərilməsi yanlışdır. Öz atası ilə bağlı zəngin məlumata malik olan Göyçək xanım Ağacanın 1886-cı ildə deyil, 1876-cı ildə doğulduğunu söyləyirdi. Göyçək xanımın bu arqumentinin əsaslı olduğunu elə Ağacanın şeirləri də sübut edir. Tədqiqatçılar üçün də maraqlı olacağını nəzərə alaraq Şair Ağa­ca­nın həyatı ilə bağlı bu və ya digər məqamlara aydınlıq gə­tir­mək üçün Göyçək Seyidovanın dediklərini qələmə aldıq. Göyçək xanım deyirdi ki, atası 1876-cı ildə anadan olub və bunu mü­əyyən faktlarla əsaslandırırdı. Digər tərəfdən onun söylədik­lə­ri­nin düz­gün­lüyünü elə şeirlərinin birində Ağacan özü də təsdiq edir: 

Cavanlıq dövrümü yaxşı keçirdim, 

İndi qocalığa dözə bilmirəm. 

Gəzdiyim oylağı görmək istərəm,

Qıçlarım titrəyir, gəzə bilmirəm. 

Gəzdiyim oylağı gəzmək istərəm,

Qocalıq yükünə dözmək istərəm. 

Qızlara bir namə yazmaq istərəm,

Əllərim titrəyir yaza bilmirəm. 

Ağacanam, 70-i keçibdi yaşım, 

Hərdənbir ağrıyır qovğalı başım. 

İndi qocalmışam, heç kəsmir dişim,

Nə qədər övkələyirəm, əzə bilmirəm. 

“Cavanlıq dövrümü yaxşı keçirdim, indi qocalığa dözə bilmi­rəm” – deyən şair bu şeirində vətəndə keçirdiyi gözəl gün­ləri xatırlayır, qocalıqda sürgün həyatına dözə bilmə­di­yin­dən gileylə­nir, “qocalıq yükünə” dözüb, gəzdiyi oylaqları bir də gəzmək arzusu ilə yaşayır. 

Məlum­dur ki, Ağacan 1951-ci ildə Sibirdə vəfat edib. Əgər indiyədək yazıldığı kimi, onun 1886-cı ildə anadan olduğunu qə­bul etsək, belə çıxır ki o 65 il yaşayıb. Bu şeirdə isə özü aydınca deyir ki, “Ağacanam, yetmişi keçibdi yaşım”. Və elə təkcə bu fakt onun doğum tarixinin 1886-cı il olmadığını sübut edir. Çox gü­man ki, bu şeir onun ölümündən heç olmasa 2-3 il əvvəl yazı­lıb, deməli Ağacan Cabbar oğlu, qızı Göyçək xanı­mın da dediyi kimi, 1876-cı ildə anadan olub. Ancaq nədənsə onun bu şeiri indiydək dəfələrlə nəşr olunsa da, doğum tarixini dəqiqləşdirmək baxımından olduqca əhəmiyyətli olan yuxarıda qeyd etdiyimiz misra təqdiqatçıların diqqətindən qaçıb.

13 yaşında olanda anası Ceyran xanımı itirən Ağacan ilk təh­silini Qarakilsə mədrəsəsində alıb, hələ mədrəsədə oxu­yarkən şeirləri ilə məşhurlaşıb. Sonra təh­silini Osmanlıda (Türkiyədə) davam etdirib, İstanbulda darül­fu­nunda oxuyub, ərəb və fars dillərini də mükəmməl mənim­səyib. 

Ata­sı­nın Türkiyədə yaşadığı dövrlə bağlı da maraqlı xati­rələr danışırdı Göyçək xanım: “Bir gün Türküyənin Ərdahan vila­yə­tin­dən şairə Güllüzar adlı bir xanım atamı gizlincə de­yişmə mey­da­nına dəvət edir. Məktubu alan Ağacan Ərda­hana üz tutur. Gül­lü­zarla deyişərək onu bağlayır. Sonunda hər ikisi bir-birlərinə aşiq olduqlarını etiraf edirlər. Şair, Güllüzarın atasına şeirlə belə deyir:

Dad eyləyib Şorayıldan, a bəyim,

Qədəm qoyub bu diyara gəlmişəm.

Eştmişəm şair meydan açıbdı,

Üz tutmuşam o bazara, gəlmişəm.

Ölsəm də, sirrimi vermərəm yada,

Bu yolda lap canım getsə də bada,

Nə dövlət istərəm, nə zər dünyada,

Sizin uca dağda qara gəlmişəm.

İstər qolubağlı saldır zindana,

Deyəcəm sözümü mərdi-mərdana.

Ağacanam, inanmaram düşmana,

Kəsə sözüm, Güllüzara gəlimişəm. 

Onun istedadı Güllüzarın atasını heyrətləndirir. Ağacan Gül­lüzar xanımla əhd-peyman edib atasının yanına gəlir, Güllüzar adlı bir qızı sevdiyni bildirir. Lakin atası Cabbar kişi razı olmur ki, o bəy qızıdı və oğlunu yolundan döndərir. Ağacan Güllüzara bir həftəyə qayıdacağına vəd vermişdi. Bir müddət keçdikdən sonra eşidir ki, Güllüzar xanımı atası zorla başqasına ərə verir. Atam sonralar etraf edərdi ki, ömürünün sonuna kimi elə gözəl xanımla rastlaşmayıb”. 

Göyçək xanım nağıl edir ki, Türkyədə məşhur olan Dollu Mus­tafa bəy də deyişmək üçün şair Ağacanı Ərzuruma dəvət edir. Ağacan onu da bağlayır. Şəhər meydanına toplaşan ərzu­rum­­lular gənc bir oğlanın Dollu Mustafa bəylə deyişməsinə məət­təl qalırlar. Ağacanın Qafqaz türklərindən olduğunu bilən ərzu­rumlular ondan xahiş edirlər ki, Qafqazı tərif etsin. Şair onların xahişini də yerə salmır, Qafqazlıları şeiri ilə tərənnüm edir.

Atasının ailə həyatı ilə bağlı isə Göyçək xanım bunları xatır­layırdı: “Atam Gülxanım adlı biriylə evlənir, ondan iki övladı olur: Qəmbər və Zəhra. Bir müddət sonra Gülxanım vəfat edir. Atam özünün əmisi qızı olan anam Zəhra ilə evlənir və Borçalı ma­halının Quşçu kəndinə pənah gətirir. Onun istedadlı şair oldu­ğunu və ərəb, fars dillərini mükəməl bildiyni görən savadsız “mol­lalar” şairi Quşçudan çıxarmaq üçün təxri­batçı niyyətlərini işə salaraq Ağacanın damına su doldururlar. Quşçu kəndinə yaxın Qaçağan kəndinin ziyalıları Molla Vəli oğlu Həsən, Məşədi Sadıq, Sarimətli Mehti, Dəllək Musa, Seyid Neymət və başqaları Ağacanı Qacağana gətirirlər. Bu kənddə məskunlaşan atamın Zəh­radan dörd övladı olur: qızları Pərlan və Köycək, oğlanları Ənvər və Şəmistan”. 

Ağacanı 1943-cü ildə Sovet hökuməti əleyhinə təbliğatda ittiham edərək həbs edirlər. Bir neçə gün məhbəs həyatı yaşa­dıq­dan sonra Ağacan şeirlə Səməd Vurğuna müraciət edir və bu mü­ra­­ciəti nəticəsiz qalmır, qısa müddətdə böyük şair onu azad etdi­rir. 

Ancaq repressiyadan yaxasını tamamilə qurtara bilmir, 1949-cu ildə onu yenidən sovet hökuməti əleyhinə təbliğat aparmaqda suçlayaraq həbs edib, Sibirə sürgün edirlər. sürgün­də olsa da, şair qələmini əlindən yerə qoymur. 1951-ci ilin əv­və­lində onun vəziy­yəti ağırlaşır, səhhətinin pisləşdiyini, ömrü­nün sonunun yaxınlaş­dı­ğını bildiyindən özünə tabut düzəldirib həyat yoldaşına vəsiyyət edir ki, ölsəm, məni bu tabutda torpağa əmanət qoyun. Yanvarın 28-də vəfat edən Ağacan ölümündən bir neçə dəqiqə öncə uşaqlarına bu şeiri yazdırır: 

Köçürəm dünyadan, dost olanlarım,

Oxudun üstümdə Quran, gedirəm.

Fitnəkar olmadım, könül yıxmadım,

Qazanıb saf vicdan, iman, gedirəm.

Sinəmin dəftəri varaq-varaqdır,

Ayrılıq cismimi yandırıb yaxdı.

Deyirlər burada ərəsat haqdır,

Orada haqqıdır divan, gedirəm.

Mən qurbanam comərd oğlun mərdinə,

Sinəmdə yaralar sızıldar yenə.

Ağacanın pünhan olan dərdinə,

Olmadı fələkdən dərman, gedirəm.

Ağacanın vəfatından sonra ailəsi daha 5 il sürgün həyatı yaşa­yaraq, minbir əzab-əziyyət çəkir. Nəhayət, 1956-cı ildə ailə bəraət alır. Göyçək xanımın xatirələrindən: “Bəraət qazandığmızı eşidəndə mən iki saat şokdan ayılmadım. Təbii ki, atamın vəsiyyətinə də əməl etməliydik. Gecə saat 3-4 olardı, anamla mən gizlincə atamın məzarı üstə gedib qəbrini açdıq. Sümüklərini bir çantaya yığıb səhər açılar-açılmaz evə döndük. Qardaşım Ənvər Sibiri tərk etmək üçün maşın gətirməyə getmişdi. Atamın sümük­lərini yığdığımız çantanı yorğan-döşəyin arasına gizlədib qərib­li­yi unutmağa calışaraq yenidən vətənə – Borçalıya döndük. Hər zaman qayğısını gördüyümüz Qacağan camaatı bizi təntənəli şəkil­də qarşıladı. Anam atamı dəfn etməkdən qorxurdu ki, ədalət­siz hökümət yenidən ailəmizi cəzalandırar. 

Buna baxmayaraq yerli camaatla birlikdə atamın cəsədinin qalıqlarını el adəti ilə Qacağan qəbirstanlığında dəfn etdik”. 

Qızının dediyinə görə, Ağacan ərəb, fars və Türkiyə türkcə­sini mükəmməl bilib və bu dillərdə də şeir yazıb.