Savaş ara vermir toylar çalına,

yenə evlər yıxar “Qara kağızlar”,

salıb subaylığın tərs damarına-

hərbiçi paltarı geyindi qızlar!

“Dirilik suyudur” qadın sevgisi-

“ölüm qəlpəsinə” nəğmə oxudar,

Snayperlik qızlarda Tanrı vergisi-

eşqi də,kini də ürək dağıdar.

Ağlını çaşdırmaz barlar,maşınlar,

unutsa-biryolluq unudar səni,

vəfalı mələkdir hərbiçi qızlar,

ölsən-ürəyindən asar şəklini!

Vətəndən savayı heç nəyi olmaz

alovlar içindən keçən qızların,

sevdisə-eşqini mərmi də qırmaz

döyüşdə yarını seçən qızların!

Şaiirlik çoxunu “Qauvbaxta” salıb,

özümə o qədər cəza vermişəm…

dağ boyda General “ofsaytda” qalıb,

“raportu”-“sıravi” qıza vermişəm!

Vətən,bəxtəvərmi əsgər qızların?

əzab da,şöhrət də sənin adındı,

sənin dar günündə ən böyük Qadın,

xanımlar-xanımı Əsgər qadındı!!

Allahım,savaşın son günü hanı?

rəhm et,yazılmasın “Qara kağızlar”!

nəmli səngərlərə çökən dumanı,

öpər duvaq kimi Hərbiçi qızlar…

10.10.2001. “SƏNİNLƏ” kitabımdan,2016.