*Yazmaq istəyirdim dərdimi göyə*

Sən mənə nə əcəb zəng eləmisən?!

Səndən nə müddətdir soraq yox idi.

Ot-alaq basmışdı könül bağçamı,

Biçib qurtarmağa oraq yox idi.

İndi o yollarda hər dəfə çaş qal,

Xatırla, sızılda, gözündə yaş qal,

Özün bilirdin ki, əlindən başqa,

Mənim saçlarımda daraq yox idi.

Nə qarğıya bildim, nə də ki söyə,

Qaldım gözlərimi hey döyə-döyə.

Yazmaq istəyirdim dərdimi göyə,

Qələm olanda da varaq yox idi.

Qoymadım üstündən quş belə səkə,

Heç vaxt gətirmədim adıma ləkə.

Səni başqaları çəkirdi, bəlkə,

Məndə özgəsinə maraq yox idi.

Canımı buz tutdu o odlu yayda,

Aynuram, desəm də daha nə fayda,

Onda həmin gecə batmışdı Ay da,

O zülmət gecəmə çıraq yox idi.

*Səpim sərçələrə qəlbimi dəntək*

Kimsə öyünməzdi “mənimdir” deyə,

Gizli saxlamışdım qəlbimi bərk-bərk.

Bir gün heç bilmədən bəlalı eşqin,

Endi gözlərimə dumantək, çəntək.

Dərd alın yazımı oxuyub silər,

Yoluma buludlar göz yaşı çilər,

Qayıdıb yenidən kim ala bilər,

Ehh, məni özümdən bir daha səntək.

Ayrılıq araya düşdü mərmitək,

Sənsiz nə gününə yaşasın ürək,

Didim, tikə-tikə eləyim gərək,

Səpim sərçələrə qəlbimi dəntək.

Vardı səadətim, bəli, sən adda,

O gündən nələrsə qaldımı yadda?

Get ara, get axtar gör bu həyatda,

Kim çəkər bu qədər həsrəti məntək.