2020-2021-ci illərdə  Azərbaycanın bölgələrində yaranan  ədəbiyyata bir baxış - Gülnar SƏMA

10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” məqalələri ilə mövzunu gündəmdə saxlayıb. 2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm.

2020 və 2021-ci ilin əsas mövzularının ortaq olmasını, Vətən müharibəsində qazanılan zəfərin tərənnümünə daha çox yer verilməsini nəzərə alaraq bu iki ili birlikdə araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən mühüm hadisələri Tovuz döyüşləri, Vətən Müharibəsi və pandemiyadır. Bölgələrdə yaşayan yazarlar da həmin mövzulara biganə qalmamışlar. Rüfət Axundlunun “Amalı Zəfər olanım” şeiri Tovuz döyüşlərinə, “Zəfər Bizimdir” şeiri Vətən müharibəsinə həsr olunub. Bölgələrdə yaşayan gənc yazarlardan da Vətən müharibəsində vuruşanlar oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür, Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu və başqalarını göstərə bilərik. Qəbələdə yaşayan Cəlil Komradlının oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini fəth etdi. Aygün Sadiq “Vətənə çevrilən dost” şeirini şəhid olmuş dostu, baş leytenant Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib. Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım komandiri, şəhid baş leytenant Emil Əsədova şeir ithaf edib.

Qələbənin əsas təminatı Şuşanın azad olunması oldu. Bu münasibətlə yazılmış Aygün Sadiqin “Azad yurdum, can Şuşa!” şeiri xüsusilə şeçilir. Eləcə də, Nargisin “Sən Xarıbülbülsən!” əsəri də Şuşanın əsas rəmzlərindən birinə aiddir.

İqbal Nəhmətin “Biz qələbə qazandıq” marşı isə müharibənin zəfərlə nəticələnən sonluğu haqqındadır.

Naxçıvanın 2020-ci ildəki ədəbi həyatı haqqında Elxan Yurdoğlunun “2020-ci ildə poeziya: axtarışlar, tendensiyalar” məqaləsi ətraflı təəssürat yaradır. Bölgənin ədəbi prosesinin formalaşmasında Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın, Həsənəli Eyvazlının, Adil Qasımovun, Əbülfəz Ülvinin, Gülay Tahirlinin, Gülsadə İbrahimlinin və başqalarının rolu böyükdür. Naxçıvanda işləyən Şükür Qafarın “Savaş zəfərlə bitdi” (2021) romanı “Savaş hələ bitməyib” romanının davamıdır, əsər Vətən müharibəsi mövzusundadır. Naxçıvanlı şair İsa Həsənoğlunun “Könül dəryası” 2012-ci ilin, “Söhbətcil duyğular” kitabı 2016-cı ilin nəşridir.

Naxçıvanda fəaliyyət göstərən Nargisin 2020-ci ildə iki monoqrafiyası, “Beklenen dolunay” romanı, “Metakədər” kitabı və “Sehrli fırça” nağıllar kitabı, üç tərcümə kitabı yayımlanıb. Nargisin “Xocalıdakı körpə” əsərində düşmənin amansızlığına etiraz güclüdür. Şeir yaradıcılığı ilə birgə, Nargis “Dünyada tüğyan edən koronavirus pandemiyası bütün nəzərləri 1947-ci ildə Alber Kamünün yazdığı “Taun” (“Vəba”) əsərinə yönəltdi” – fikirləri yer alan məqaləsi ilə 2020-ci ilin aktual mövzusuna tarixdən boylanmışdır.

Ölkəmizin əsas mədəniyyət ocaqlarından olan Sumqayıtın ədəbi inkişafında Namiq Mənanın, Ehtiram İlhamın, Nisə Qədirlinin, Rafiq Yusifoğlunun, Zirəddin Qafarlının, Əyyub Qiyasın, Ədalət Nicatın, Nazilə Gültacın, Gülnarə Cəmaləddinin, Əli Nəcəfxanlının, Namiq Dəlidağlının, Süleyman Hüseynovun, Xatirə Fərəclinin, Əvəz Mahmud Lələdağın, Nazir Rüstəmin, Almaz Bəyazidin, İlhamə Məhəmmədqızının, Emin Pirinin, Günel Eyvazlının, Çinarə Ömrayın və digərlərinin payı var. Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına Poeziya Evinin müdiri İbrahim İlyaslının 2020-ci il üçün göndərdiyi hesabatdan məlum olur ki, aprel ayının 26-dan başlayaraq Poeziya Evi “Hər gün bir yeni nəğmə, Hər gün bir yeni ilham” adlı onlayn layihəyə start vermişdir. 9 iyun tarixində X Beynəlxalq şairlər günü İbrahim İlyaslının moderatorluğu ilə baş tutmuşdur. Emin Pirinin “Müharibə gündəli”yi isə döyüşdə iştirakının nəticəsi olaraq yazılmışdır.

Sumqayıt ədəbi mühitini təmsil edən Əşrəf Veysəllinin də 2020-ci ildəki yaradıcılığı məhsuldarlığı ilə seçilir. “Vətən, təbrik edirəm, təbrik edirəm səni Qəlbindəki duyğunun, hissin qələbəsidir” və ya “Əngin səmalarında bayrağımız yellənən Ərgünəşin, Murovun, Kirsin qələbəsidir” sətirləri olan şeirdə vətəndaş şairin ürək çırpıntıları dilə gətirilir.

Vətən Müharibəsi iştirakçısı olan, Sumqayıtda yaşayan Elvin İntiqamoğlu 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Elvinin “İkinci Qarabağ” şeirlər silsiləsində “Müharibə xatirələri” də vardır. “Mühasirə” şeiri ilə müharibə mövzusunda yazılmış şeirlərə yeni mövzu daxil edir.

Elvin Əlizadə Zəngilandan olsa da, Sumqayıtda məskunlaşıb. 2018-ci ildən AYB-nin üzvüdür, 2020-ci ildə gənc yazar kimi Prezident təqaüdünə, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi şeirində ölməz generalımızı tərənnüm edir.

Sumqayıtlı yazarların içərisində 2021-ci ildə daha məhsuldarlığı ilə seçilən müəlliflərdən biri Rafiq Yusifoğludur. 2021-ci ildə onun “Xiffət” və “Zəfər dastanı” kitabları çap olunmuşdur. “Xiffət” 14 fəsildən ibarət olan nəsr əsəridir və müəllifin ilk romanıdır. “Zəfər dastanı” kitabında isə əksəriyyəti 2019-2021-ci illərdə yazılmış lirik şeirləri cəmlənmişdir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları daxildir. Filialın sədri Barat Vüsaldır. Həmin filialda Məzahir Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, Məhəmməd Astanbəyli, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Bilal Qoca, Tamella Poladlı kimi yazarlar cəmləşib. Uzun illər Qazaxda yaşayıb fəaliyyət göstərən gənc yazar Nuranə Təbrizin “Salam, Vətən” şeiri qalibiyyət himni təsiri bağışlayır. Qazaxın Kəmərli kəndində yaşayan Hürzad Əhmədlinin “O gün gələcək” (2021) kitabında bir neçə hekayə, poema və şeirləri yer almışdır.

Ağstafalı şairlərdən Saqif Qaratorpağın, yazıçılardan Əli Cəfəroğlunun adını çəkə bilərik. Ağstafada yaşayan Rüfət Axundlu Tovuz döyüşlərinə həsr etdiyi şeirində yazır: “İgidlik ruhun, canında, Namus, qeyrət var qanında. Zəfər, hünər meydanında, Biri, on nəfər olanım”.

Tovuzun 2020-ci ildəki ədəbi fəaliyyətindən söz açarkən sovet dövründən bəri fəaliyyətdə olan “Varislər” ədəbi məclisini xüsusi vurğulamalıyıq. Tovuzun istedadlı şairlərinə misal olaraq İsa Cavadoğlu, Qədir Hümbət, Çingiz Qəribli, Marif Həsənoğlu, Novruz Mizani Hafiz, Brilyant Atəş, Məhəmməd Mehdixanlı, Mehman Rasimoğlu, Nəbi Hüseyni kimi şairlərini göstərə bilərik.

Tovuzdan olan, Vətən müharibəsinin döyüşçülərindən biri Toğrul Kərimlinin 2012-ci ildə “Gəlməyən dostlar”, 2013-cü ildə “Ədalət sorağında” kitabı işıq üzü görüb. Onun “Belə bacarırsan deyim yerimi, Qırpıb gözlərini vur öldür məni” misraları bir şair kimi də mükəmməl olduğunu təsdiq edir.

Şəmkirli ədəbiyyat nümayəndələrinə misal olaraq Məzahir Hüseynzadə, Məhəmməd Turan, Tural Turan, Mətanət Qüdsi və başqa şairlərin adını çəkə bilərik. Şəmkirdən olan Tural Turanın 2017-ci ildə işıq üzü görmüş “Tanrı qağaya ismarış” kitabında “Qarabağ”, “Tanrıya istinadla”, “Erməni kitabçı əli ilə xoş-beş”, “On min voltluq sevgi” kimi nəsr əsəri ilə birgə şeirləri də toplanıb.

AYB-nin Gəncə bölməsi Xəzangül xanımın sədrliyi ilə 2020-2021-ci illərdə də öz fəaliyyətini davam etdirmişdir. Gəncədə yaşayan şairlərdən Bahadur Fərman, Çiçək Mahmudqızı, Gülnarə Sadiq, Şəfa Vəli, Fərrux Rəhimli və digərləri fərqli yaradıcılıq üslublarına görə fərqlənirlər. İnqilab İsaqın “Savaş sevdası” (2020) kitabında istənilən qədər poetik nümunələr tapmaq mümkündür.

Seymur Sönməz Paşayev Samuxda yaşayır. Onun 2016-cı ildə “Mənim mənli günlərim” və 2020-ci ildə “Bir addım həsrətim qalıb” kitabları işıq üzü görüb.

Ölkəmizin şimal bölgəsində yaşayan yazarlara misal olaraq Ramiz Qusarçaylı, Aybəniz Əliyar və b. göstərə bilərik. Qubada yaşayan Zakir Məmmədin “Dedim sözü” (2007), “Haqqın calalı” (2009), “Bağışla” (2012), “Üç hekayət” (2016), “Vətənə aid” (2018), Mövlud Ağammədin “Sən ömrümün bənövşəsi” (2018), Səbuhi Hacıxanlının “Geriyə boylanan yollar” (2015), “Mən qərib deyiləm” (2008) Murad Muradovun “Bal köpüyü” (2018) kitabı işıq üzü görüb.

AYB-nin Şabran bölməsinə Aydın Tağıyev rəhbərlik edir, onun “Alma oğurlayan divlər”, “Buz heykəllər əriyir”, “Dan üzü ölən adam” hekayələri, “Yuxuda qətl” povesti, “İspan çəkməsi” romanı orijinal əsərlərdir. Vüsal Hicranoğlu Xızı, Agah Xaçmazlı, Habil Rza Nur, Vüsal Yurdoğlu Xaçmaz ədəbi mühitinin təmsilçiləridir. Sara Selcan isə Hacıqabulda yaşayıb-yaradan şairlərdəndir.

AYB-nin Şəki bölməsinə daxil olan müəlliflərə Tural Adışirin, Zaur İlhamoğlu, Aygün Sadiq kimi gəncləri göstərə bilərik. Balakəndən olan Aygün Sadiq 2019-cu ilin yekunlarına görə “Yazarlar” jurnalı tərəfindən “Natəvan” mükafatına layiq görülüb.

AYB-nin Oğuz filialının rəhbəri Vüsal Oğuzdur. Həmin bölgəyə aid yazarlardan Nargilə Rəhman (Qafarova) “Xoşbəxtliyin ətri” (2019) kitabının müəllifidir. Filialı təmsil edən yazıçılardan Pərviz Əlyaroğlunun (Cəbrayılzadə) “50+1” hekayəsində Elmi Araşdırmalar Mərkəzinin professoru, bütün ömrünü insan beyninin anatomiyasını öyrənməyə həsr etmiş, əllini çoxdan haqlamış alim olan Robertin təcrübəsindən danışılır. Pərvizin Şuşa döyüşləri mövzusunda yazılmış “Mən Qarabağam!” hekayəsi Şuşa döyüşlərinə ithaf olunub. Onun “Tanrının əli” hekayəsində isə virus səbəbindən insanların məhkum edildiyi acımasızlıqlara etiraz edilir.

Qəbələdə yaşayan şairlərdən Qərib Hüseynov, Qismət Məsimov və Qoşqar Qaraçaylı imzaları seçilən imzalardandır. Qəbələli şairimiz Cəlil Komradlının “Ana dilim” kitabı 2019-cu ildə çap olunub. Cəlil Komradlı oğlu Vətən müharibəsində şəhid olduqdan sonra övladının adını özünə təxəllüs götürüb. 2021-ci ildə çap olunan “Vətən sağ olsun” kitabı da Cəlil Xeyirbəy imzası ilə işıq üzü görüb.

Qəbələnin Qəmərvan kəndindən olan Hüseynov Qərib Arifşah oğlunun “O bir əfsanə idi” (2020) kitabı Milli Qəhrəmanımız, Tovuz döyüşlərinin şəhidi, general Polad Həşimova həsr edilib. Kitab eyniadlı bir poemadan ibarətdir.

Şamaxıdan olan gənc yazrlardan Yusif Nazim Ərəbsoyun, Saatlıdan isə Allahşükür Ağanın adlarını çəkə bilərik. Salyanlı şair Ümid Sadə çox gənc olmasına baxmayaraq istedadı ilə seçilir.

Salyan rayonundan olan Həsən Kür könüllü olaraq Vətən müharibəsində iştirak edib. 2019-cu ildə “Boyat dərdin üstündə” və “Tikanlı məftillər” adlı iki kitabı nəşr olunub. Cəbrayıl və Qubadlı rayonlarında vuruşaraq 3 yanvar 2021-ci ildə müharibədən qayıdıb. Salyandan olan Firuzə Orucun isə “Adını “Sən” qoy” kitabı 2018-ci ildə çap olunub.

Sabirabadda yaşayıb-yaradan Şahnaz Şahinin 2020-ci ildə “Xocalının Sərvəri” adlı sənədli povesti, 2021-ci ildə “Sabirabad Şəhidləri” və “Zəfər Nəğmələri” kitabları nəşr edilmişdir.

Elnur Uğur Neftçala rayonunda yaşayıb-yaradır. “Unuda bilməyəcəyəm” (2006), “Şəhid məzarı” (2008), “Yuxuna gəlim” (2016), “Təkcə sən bilirsən” 2018), “Yuvalar quşsuz olmasın” (2019) kitablarının müəllifidir.

Cənub bölgəsinə mənsub şairlərdən Ağamir Cavadın, Tərlan Əbilovun adlarını çəkə bilərik. İqbal Nəhmət isə Yardımlı rayonunun Urakəran kəndindəndir. “Götür məni o yerə ki…” (2003), “Külək, onu mənə gətir” (2015), “Sözdən sonrakı sabah” (2018) kitabları çap olunub.

Cəlilabadda yaşayan şairlərdən Bilal Alarlı, Ədalət Salman, Əlizadə Nuri, Xətat Kilimçi (Mir Bağır), Bəhruz Xəlil kimi yetkin imzaları qeyd edə bilərik. Cəlilabadlı Şakir Xanhüseynlinin 2000-ci ildə “Gündüzlər küncə atılır gecə yanan çıraqlar” kitabı nəşr olunub.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi, Prezident mükafatçısı və təqaüdçüsü, gənc şair Ramil Əhməd son illər işi ilə əlaqədar bölgədə fəaliyyətini aktivləşdirib. Kürdəmirdə yaşayan Tərlan Mazanovun “Zəfər Qoxusu” adlı antologiyada 5 şeiri çap olunub. Tərlan əsasən qəzəl, qoşma, gəraylı janrlarına müraciət edir.

Beyləqanda yaşayan Orxan Həsəni 2018-ci ildən etibarən dövri mətbuatda bədii və publisistik mətnlərlə çıxış edir. 2019-cu ildə isə “Metro terminalının sevgisi”, 2021-ci ildə isə Vətən müharibəsindən bəhs edən “Vətən sizə minnətdardır” və “Füzulinin dişi” hekayələr kitabı çap olunmuşdur.

Ağdaş rayonundan olan Zaur Məzahirin “Haqqın nişanəsi” (2021) kitabında 2020-ci ilə aid hadisələrə kifayət qədər yer verilib. “Gəncə terroru” şeirində “Qətliam üstünə gəldi qətliam, O vaxt Xocalıydı bu günsə Gəncə” söyləyərək 2020-ci ilin ən dəhşətli hadisəsinə münasibət bildirmişdir. Kitabda Zaur Məzahirin Ali Baş Komandana həsr etdiyi “Ağ atlı sərkərdənin dastanı” poeması və təmsilləri də cəm olunub.

AYB-nin Qarabağ bölməsinə daxil olan şairlər də istedadı ilə seçilir. Ağcabədidə yaşayan şairlərdən Gündüz Sevindik, Məhsəti Musa, Cahandar Aybər, bərdəli şairlərdən Dədə Telman, Şəhriyar Seyidoğlu və Ruslan Dostəlini göstərə bilərik. Bərdədən olan Şəhriyar Seyidoğlunun 2016-cı ildə “Mənim ürəyimdə gizlənən qadın” kitabı çap olunub. Tahirə İsaqızı isə Ağcabədi rayonunda yaşayır. Üç kitab müəllifidir. AYB-nin üzvüdür. “Tanrı cəzası” adlı detektiv ruhlu romanı var.

2020-ci ildən qaçqınlıq həyatına son qoyulan yazarlarımız hələ ki müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşamaqlarını davam etdirirlər. Kəlbəcərli şairlərə Savadsız Arzuman, Elməddin Nicat, Eyvaz Eyyub, Elşən Əzim, Vüsal Hicran, Məhəbbət Kəlbəcərli, Rəsul Murovdağlı kimi imzaları misal çəkmək olar. Əslən Kəlbəcərdən olan Elşən Əzimin “Pəncərə” hekayəsində “Sələmçi Şəfi” kimi tanınan insanın evində kirayə yaşayan Lalə müəllimin pandemiya dövründəki həyat tərzi bədiiləşdirilib. Kəlbəcərdən olsa da, Sumqayıtda məskunlaşan Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabı 2017-ci ildə çap olunub. Gəncədə məskunlaşan Vüsal Hicranın “Dünən şəhid oldu mənim tələbəm Mən də hamı kimi ağladım, yandım” misraları ilə başlayan şeiri “Bilməzdim Tarixdən 2 alanlar Özləri nə vaxtsa Tarix yazarmış…” misraları ilə tamamlanır.

Ötən il AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun tərtib etdiyi “Bir ocaq başında – Aran ədəbi toplusu” çap edilmişdir və burada bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən seçmələr toplanmışdır.

Füzulinin Seyidəhmədli kəndindən olan Elməddin Həbiboğlu “Geçikmiş arzular” (2012), “Vətənin daşına qoyun başımı” (2017) və “Təbəssüm” (2020) kitablarının müəllifidir. Əslən Füzulidən olan Səbuhi Qurbanov həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Ali Baş Komandanımız tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir.

Beləliklə, 2020-2021-ci illərin həm dünya, həm də Azərbaycan üçün keçməkeşli il olmasına baxmayaraq, hər ilin özünəməxsusluqları bölgələrdə yaranan ədəbiyyatda da təzahür etdi. Ümumilikdə isə Vətən müharibəsi bu illərin ən əsas mövzusu oldu.