Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı.

Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu.

Nənəm hərdən gözlərini qıyıb mənə baxar, məhəbbət dolu səslə: – Murad da meşəbəyi olacaqdır, – deyərdi.

Yeddinci sinfə keçəndən sonra dərslərimə də meşədə – mənim üçün doğma olan yaşıl talada hazırlaşırdım. Kəndimizi üzük qaşı kimi mühasirəyə alan, saf havasından doymaq olmayan meşəmizi mənim qədər sevən ikinci adam, deyəsən, yox idi.

Məktəbin sonuncu sinfində oxuyanda belə bir adamın olduğunu öyrəndim, amma qəlbimdə qısqanclıq hissi baş qaldırmadı.

Həmin adam biologiya müəllimimiz idi. O, hamıdan fərqlənirdi. Boyuna, görkəminə görə yox, xasiyyətinə görə. Azdanışan və ciddi idi, həmişə fikirli, qayğılı görünürdü. Dərsi izah edəndə isə başqa adama çevrilirdi. Elə şirin, maraqlı danışırdı ki, ona qulaq asmamaq mümkün deyildi…

Onu ilk dəfə meşədə – talada, dərslərimə hazırlaşarkən gördüm. Çox da hündür olmayan, cır armud ağacının altında dayanıb diqqətlə ona baxırdı. Sonra ağacın aşağı əyilmiş budağından nazik çubuq qopardı, diqqətlə nəzərdən keçirməyə başladı. Onun niyyətini anlamağa çalışsam da, nə etmək istədiyini kəsdirə bilmədim. İki gün sonra atamın əmimə dediklərindən öyrəndim ki, Sabir müəllim (biologiya müəllimimizin adı belə idi) meşədəki meyvə ağaclarını calaq edirmiş. Mənə o da məlum oldu ki, meşənin bir hissəsində onlarla ağacı calaq etmiş, indi isə cənuba – mənim talamın olduğu yerə üz tutmuşdu…

O vaxtdan illər keçib. Sabir müəllim dünyasını dəyişib. Mən isə atababamın peşəsində – meşəbəyi vəzifəsində çalışıram. Müəllimimin xeyirxah işini də davam etdirirəm. Onun kimi mən də ağacları calaq etməyi xoşlayıram. İndi meşəmizdə bol məhsul verən yüzlərlə meyvə ağacı var. Kənd camaatının danışığı ara-sıra qulağıma dəyirdi: – Murad öz müəlliminə çəkib, belə getsə, meşəmiz meyvə bağına dönəcək… Doğrusu, bu sözləri eşitmək mənim üçün xoş idi.

Bu illər ərzində təbiətdə gördüyüm qəribə hadisələri qələmə almaq, nə isə yazmaq istəyi mənə rahatlıq vermir. Cansız hesab etdiyimiz doğma təbiətdə elə hadisələrin şahidi olmuşam ki, onları xatırlayanda həyəcanlanmaya bilmirəm. Bu əhvalatların bir qismi məndə kədər, bir qismi isə sevinc hissi doğurur. Qeyri-adi, inanılmaz əhvalatlara da az rast gəlməmişəm.

Bəli, təbiət, doğru deyirlər ki, sirli bir aləmdir. Neçə ilin söhbətidir, dan yeri söküləndə evdən çıxmışdım. Meşənin ətəyinə çatanda qənşər bir yerdə oturdum. Dərə ilə daşlara çırpıla-çırpıla, köpüklənə-köpüklənə çay axırdı. Səsi dərəni başına götürən bu dağ çayı xeyli aşağıda balaca bir talaya çıxır, yenə sıx meşəliyə girirdi.

Mən keçidə baxırdım. Bir də gördüm ki, çaya enən cığıra boz, iri bir ayı çıxdı. Dal ayaqları üstə qalxıb, o yan-bu yana boylanaraq talaya baxdı və tez də dala qayıtdı, onu nişan almağa macal tapmadım, barmağım tətikdə qaldı. Bir neçə gün əvvəl ayı kəndin mal-qarasına hücum etmiş, xeyli heyvan tələf etmişdi. Nə bilmək olar, bəlkə, elə bu, həmin ayı idi?!

Ayağa durmaq istəyirdim ki, ayı yenə göründü. Qoltuqlarında nəsə bərk-bərk tutmuşdu. Daha dayanmadı, əyilə-əyilə cığıra düşdü. O, çaya enirdi. Tərpəndim. Keçiddə onu yaxalaya bilsəydim, çətin əlimdən qurtarardı. Qaçıb özünü meşəyə salanacan qoşalülə nəfəsini kəsərdi.


Bir gözüm ayıda yıxıla-yıxıla quzeyi endim. Ağacların dalına keçə-keçə bu koldan o kola sürünə-sürünə çaya yaxınlaşdım. Cığırın üstündəki palıd ağacının dalında gizləndim. Ayı yavaş-yavaş gəlirdi, qoltuğundakılar çapaladıqca, tez-tez dayanıb, burnu ilə onları dümsükləyirdi.

Çay yuxarılardan ovub gətirdiyi qumu keçiddə qırağa vurmuşdu. Ayı qumluğa düşəndə dayandı. Aramızda elə bir məsafə qalmamışdı. Amma nə qədər baxdımsa da, yenə qoltuğunda nə tutmuşdu, baş açammadım. Sahilə yaxın hündür bir daş vardı. İməkləyə-iməkləyə sürünüb onun dalında gizləndim.

Ayı yaş quma bata-bata suya girdi. Qollarının altından özü kimi tüklü iki baş çıxmışdı: qapqara burunları, qara muncuq kimi gözləri vardı. Vay səni!.. Mən də bayaqdan baş sındırıram ki, görəsən, bu yekəpər nə aparır. Öz balaları imiş ki! Onlar büzüşərək analarına elə sığınmışdılar ki, yumağa dönmüşdülər. Yəqin, çayın qıjıltısından qorxurdular.

Ayı tez-tez büdrəyirdi, dərinə düşmədi, çayın dayaz yerindən yenə sahilə çıxdı. Balalarını yerə buraxdı, yumalandılar, boğuşdular. Anaları isə köpüklü dalğalara bir xeyli baxıb, qumu tez-tez eşələyib cığır açdı. Balasının birini burnu ilə itələyə-itələyə gətirib ora saldı, pəncəsilə arxası üstə çevirdi. Bala çanaqlı bağa kimi ayaqları göydə çapalaya-çapalaya qaldı. Ayı da o qalxanacan yastı bir çaylaq daşını burnu ilə sürüşdürüb onun qarnının üstünə çıxartdı. O biri balasını qoltuğuna alıb, bir gözü arxada – quma basdırdığı balasında, çaya düşdü.

Keçid xeyli dərin imiş. Su ayının döşünə vurdu. Dalğalar onu büküb- bükmələyirdi. Balasını bərk-bərk qoltuğuna sıxıb, bir pəncəsi ilə suyu yara-yara sahilə çıxdı. Balasını quma buraxıb silkindi, dönüb o taya boylandı. Sonra da tələsik qumu eşələyib, indi də bu balasını çuxura yıxdı. Ətrafına baxdı. Deyəsən, yenə də daş axtarırdı. Yəqin, gördü yaxında yoxdur, bu balasının qarnına qum cırmaqlayıb yığdı. Elə bu ara o taydakı bala necə elədisə, qarnından daşı aşırıb çuxurdan çıxdı, anasını bu tayda görüb yumalana-yumalana özünü çaya saldı. Anası bunu görüb, həyəcanlı, təntimiş halda özünü bu taydan suya atdı. Qumun altındakı bala da çapaladı-çapaladı, nəhayət ki, o da yerindən qalxdı, anasının dalınca çaya cumdu. Ayı geri çevriləndə onu görüb bir səs çıxartdı ki, sanki dağlar- daşlar dilə gəldi, ona qoşuldu, səsi çox-çox uzaqlarda əks-səda verdi, qayalar lərzəyə düşdü. Mən dəfələrlə ayı ovunda olmuşdum. Güllə ilə vurulanda belə ayı bu cür dəhşətlə nərildəməmişdi.

Ayı ha eləyib özünü yetirənəcən o tayda qalan balasını dalğalar ağuşuna aldı. Bu balasını da dalğalar top kimi atıb-tutaraq aparırdı. Ayı gah bu balasının dalınca cumdu, gah da o birisinin…

Özünü nə qədər həlak elədi, balalarına çata bilmədi, bir az aşağıda sahilə çıxdı. Çayaşağı baxıb, çəngə-çəngə başının tüklərini yoluşdurur, qeyri-adi səs çıxarırdı.

Mən isə yerimdən tərpənib özümü göstərmirdim ki, ayı məni görüb daha da karıxar. Tüfəngim əlimdə sahillə başaşağı yüyürdüm. Üst-başım kola-kosa ilişə-ilişə, daşdan-daşa hoppana-hoppana sıldırımlı sahillə lap aşağılara endim. Ayı balalarını sahil daşlarının aralarında axtardım, qumluqları gəzdim, onları köpüklü dalğaların qoynunda görmək istədim.

Amma gec idi… Kim bilir, dağ çayı ayının balalarını daşlara çırpa-çırpa haralara aparıb çıxartmışdı.

Çayın kənarındakı iri qayanın dibini diqqətlə nəzərdən keçirərkən, mənə elə gəldi ki, kimsə məni izləyir. Başımı qaldırıb qayanın döşünə baxdım, zənnim məni aldatmamışdı. Boz ayı kədərli baxışlarla mənə baxırdı… Bir-birimizə mane olmadan, demək olar ki, yanbayan axtarışlarımızı xeyli davam etdirdik. Balalar tapılmadı. Hava qaralanda əldən-dildən düşmüş, tamam islanmış halda evə döndüm.


O gündən sonra ayı tez-tez çayın sahilində görünürdü. O, hələ də inadla balalarını axtarırdı. Hər on-on iki addımdan bir dayanıb qıjıltı ilə axan suya baxır, yenə çayaşağı yoluna davam edirdi…

Ən dəhşətlisi axşamdan xeyli keçmiş – axtarışını tamamlayanda tükürpədici səslə bağırması idi.

Əslində, buna bağırmaq, nərildəmək demək olmazdı. Bu, balalarını ölümə verdiyi üçün özünü bağışlaya bilməyən ana ayının ürəkparçalayan fəryadı idi… Bir müddətdən sonra ayı gözə dəymədi.

Hadisədən səkkiz aydan da çox keçmişdi. Gecə əsən şiddətli küləyin meşəyə ziyanı olub-olmadığını öyrənmək niyyətilə ərazini qarış-qarış gəzir, ən çətin keçilən sahələri belə nəzərdən keçirirdim. Qəflətən gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Boz ayı qalın kolluqda hərəkətsiz uzanıb qalmışdı. Tüfəngimi əlimdə hazır tutaraq ehtiyatla ona yaxınlaşdım. Ayı təzəcə ölmüşdü. Bədəni didilməmiş, tükləri tökülməmişdi. Çox arıqlamışdı. Ov etməyən ayı, bəlkə də, acından ölmüşdü.