Adını bilmədiyim gül
nə qəmli qoxun gəlir.
Ləçəklərin titrəyir
son dəfə ahın gəlir.

Sən də belə ölürsən,
bir kitab arasında.
Görəsən doğulmusan
dünyanın harasında?

Adını bilmədiyim gül
gülün burnunda ölür.
Quruduqca ləçəyin
balan qarnında ölür.

Quruya-quruya ölürsən
dönürsən saman çöpünə.
Səni necə tullayım?!
gərəksən yaman günümə.

Adını bilmədiyim gül
öpüşək dadsız ölmə.
Öləndə mənlə öl ki,
Yazıqsan…adsız ölmə.