“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizlərə Vida Heşmətinin ruh oxşayan  şeirlərini təqdim edir. Rubrikanı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan  nümayəndəsi, Təbrizdən olan şair, yazar Əli Çağla aparır. 

Vida Heşməti 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağını büruzə vermiş, Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsində oxumuşdur. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabların rəsmlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. 

Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

SÜLH

Keşkə səsini dağlara, 

Nəfəsini bağlara

Gözəlliyini göy qurşağına paylaşaydım. 

İsti əllərini sevgililərin ilk görüşünə

Ürəyini

Oğlu savaşda yubanmış ananın

Sap-sarı astanasına. 

Maviliyini dənizlərə qoşaydım

Səni dalğalarla bağlaşaydım. 

Ahaaaaay

Mahnılarımın Sarı gəlini

Buludlardan uzaldaydın yağış əlini. 

Ulduzlardan göz vuraydın, 

Gülümsəyən heykəlini

Calanaydın qaraqançıl kürəmizin

Qsır dodaqlarına. 

Səs-səsə verib oxuyaydıq

Ozaylar uzunu. 

Saçın ucun hörməzlər

Gülü qönçə dərməzlər…

TANRI BOYALI SAÇLARIM

Saçlarım…

Doğu yellərin qançıllığı

Buludların manifesti

Batı qızlarının yağış lirikası

Gözüyaşlıdı tellərim.

Saçlarımda yellər ulayır kəndımi

Və hörükləyir çaylaqları

Su tökür qadınlar əlimə.

Bu mənəm “Vida”

Bu mənəm…

Bu mənəm türkün şeir qızı!

Saçlarım…

Günəş kölgəli saçlarım.

Mürgü döyür

Röyasında məni Təbriz

İndi şənbədi birçəklərim

Və bir sərçə yuva qurur

Mənim

Tanrı boyalı saçlarımda…

QADIN

Dünyanın yaraşığı qadındırsa

Hələ qadınların yaraşığı deyil dünya!

Mikrofonların əngində

Saqqız olub qadın.

Sekolaritəsinə

İpəkdən don geydirsələr də,

Demokrasiyasına bal qatsalar,

Göbək ciyəsi

Aşxanaya atılmış

Canı düşlərindən çıxmalıdır.

Ancaq

Hələ də onu qiymətləndirən 

Erkək yasaların yazılmamış

Səhnə arxasıdır.

Yoxsa vitrinlər

Boş bəhanədi…

BİTSİN SAVAŞ

Yenə bu köndələn yer kürəsi, ‌

Dumana bələdi dağlarını. 

Göyündə qaraldı göyərçinlərin

ağuuuş dimdikləri

Lalalar yallılanır torpaqları.

Yenə okeanların nefti üzərində

Qumarlaşır naqqalar. 

Yenə generalların əllərində oyuncaq oldu

Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı. 

İtdi-batdı nişan bəlgəsi

Hələ xəritə çəkir imperiyalların 

günəş gözlüyü

Qaraqançıl köksündə. 

Uşaqların bayram sevinci isə

Boy atırdı ayaqqabılarında

Oysa boğuldu xonçasında.

Anasının ləçəyi yaş,

Cibində məktubu sevginazlanan oğlanın

Tapılmadı bir pişikyolu da. 

Yenə görəsən boylanacaq əriklər

Tüstülü ağaclardan?!..

SƏN

Barı 

Bölmək olsaydı

Sevincləri, ağrıları.

Mən də sənə göndərərdim

Çərşəmbə bayramımı,

İsti günlərimin söyüdlərini,

Qış ocağımın kabab könlünü.

          Ama neyləyim?!

Sən Müşfiqin tarında yeniləndin

NazPərinin səsində qocaldın.

               Yenə sağ ol ki, 

Kölgə kimi yerə sərilib,

Çinar kimi ucaldın…

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

Mənbə: https://edebiyyatveincesenet.az/