Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


Salam, Ömrüm biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim…

Baxırsan ki, quş yuvası yiyəsiz,
Baxırsan ki, ağacların barı yox.
Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz,
Yaşayırsan, yarı varsan, yarı yox.

Bürünürsən keçən ilki pencəyə,
“Üşüyərsən” – deyənin yox sazaqda.
Gizli-gizli ağlayırsan gecəyə,
Gülür sənə küçədəki uşaq da.

Baxırsan ki, dağınıqsan, pintisən,
Yaşadığın qəfəsmidir, odamı?
Tanımırsan öz özünü indi sən,
Tanımırsan güzgüdəki adamı.

Salam, Ömrüm biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki əzizim…


Demirəm ki, dərin sular dayazdı,
Balığın da ürəyi var demirəm.
Xatirələr on iki ay payızdı,
Yağışı var, küləyi var demirəm.

İnandırma “gün gələcək bir zaman”.
Nə gün gəldi, nə o zaman-zamandı.
Demirəm ki, həyat özü bir yalan,

Hər birimiz o yalana inandıq.
Demirəm ki, duman oldu, çən oldu.
Ona görə dönmədilər gedənlər.
Hər gülüşün arxasında qəm oldu,

Ruhlarını uduzdular bədənlər.
Demirəm ki, dar ağacı gül açıb,
Budağını sinəm üstə əyirəm.
Tanrı, sənə bu dəfə də əl açıb,
Demirəm ki, demirəm ki…
Deyirəm…