Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmaya Ali Attestasiya Komissiyası Kollegiyasının 12.01.2023-cü il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Fəlsəfə doktoru diplomunun təqdimatı 02.02.2023-cü il tarixində baş tutub.

Qasımlı Gülnar Vaqif qızı 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə əyani doktoranturaya qəbul olub. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya işini 24 dekabr 2021-ci il tarixində müdafiə edib.

Gülnar Səma 1 iyun 2017-ci ildə Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində kiçik elmi işçi kimi işə başlamış, 3 iyul 2018-ci ildən həmin şöbədə elmi işçi, 1 noyabr 2022-ci ildən böyük elmi işçi kimi çalışır. 2019-cu ilin iyun ayından Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi həvalə olunub.