Niderland Krallığındakı Azərbaycan səfirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədəki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Rotterdam şəhərində yaşayan şair Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimatının keçirilməsinin qürurverici olduğunu vurğulayıb.

Kitabın müəllifi Yasəmən Qara kitabı yazarkən keçirdiyi hisslərdən, general Polad Həşimovdan danışıb, düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azərbaycan–Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemətağa Əliyev çıxış edərək, general Polad Həşimovla bağlı ürək sözlərini söyləyib, kitabın müəllifinin diaspor fəaliyyətinə toxunublar.

Türk icmasının üzvləri Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 günlük Qarabağ müharibəsi dövründə keçirdikləri hisslərini bölüşüb, Milli Qəhrəman general Polad Həşimovun əziz xatirəsini ehtiramla anıblar.

General Polad Həşimovun anası Səmayə Həşimova tədbirə videobağlantı vasitəsilə qoşularaq oğlu haqqında danışıb, tədbir iştirakçılarına təşəkkür edib. Şəhid Elman Əliyevin də anası tədbirə videokkonfrans vasitəsilə qoşulub və ürək sözlərini söyləyib.

Tədbir Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabir, Cavid Səlimov (tar), Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybaliyevin ifasında musiqi proqramı ilə davam edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa 

Mənbə: https://azertag.az/