Bu gün tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Ağa Laçınlının (Əliyev) doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan Ağa Laçınlı bənzərsiz yaradıcılığı ilə daim seçilib-fərqlənib.

Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan “Çoban” şeiri ilə başlayıb. 1966-cı ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. Sonralar “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Alın yazımız” və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı” kafedrasının dosenti olub. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edib. “Homer dastanlarında türkçülük” adlı doktorluq dissertasiyasını yekunlaşdırıb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa ölkə və xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Əsərləri Rusiya, Fransa, Türkiyədə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s. ölkələrdə çap edilib.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Ağa Laçınlı saflığı” yazısında oxuyuruq: “Onunla bağlı xatirələrimin ən parlaq səhifələrindən biri başqa bir görkəmli şairimiz olan Hüseyn Kürdoğluyla birlikdə üçümüzün Laçın, Qubadlı və Zəngilanı gəzdiyimiz günlərlə bağlıdır. Gənclik, ürəyimizin çağlar çağıydı, dünyanın dərdi-qəmi də xoşbəxtlik kimi görünürdü, hər şeydə sevinc, ümid, təskinlik tapmağı bacarırdıq… Laçın bulaqlarının üstündə sazlı-sözlü məclislər uc-uca calanmışdı. Həkəridə çimdik, Zəngilanın çinar meşələrində balıq tutduq, kəndlərdə camaatla görüşlər keçirdik. Həmin günlərdə mən Hüseyni də, Ağanı da, bir növ, yenidən kəşf etdim; onların həm sözlərinə, həm özlərinə sayğım artdı. Sonralar elə bir görüşümüz olmurdu ki, həmin səfərimizin bir-birindən maraqlı epizodları xatırlanmasın. O üç rayonu gəzərkən mən Hüseyn Kürdoğlunun da, Ağa Laçınlının da poetik istedadları, gözəl şeirləriylə yanaşı, həm də yüksək insani keyfiyyətlərinə heyran qaldım.

Ağa Laçınlı klassik şeirimizin və folklorumuzun, aşıq poeziyasının böyük ənənələri ilə çağdaş insanın yaşantılarını vəhdətdə görüb, vəhdətdə əks etdirirdi.

El deyimləriylə dolu olan canlı, şirəli, zəngin, poetik dildə yazırdı. Öz yolunu və ruhunu davam etdirən gözəl övladlarının timsalında Ağanın bu gün də yaşaması isə bütün dostlarının həm sevinc, həm də təsəlli yeridir…”

İstedadlı şair Ağa Laçınlının hər misrasından doğma ocağa, dədə-baba yurduna məhəbbət və sevgi özünü göstərir. Ağa Laçınlı hər misrası yurd sevgisi ilə yoğurulub. Şair, – “Elə gedəndə, obaya qovuşanda oradan ayrıla bilmirəm”, – deyir. Doğma ocaqlar şairi ahənrüba kimi özünə çəkir. Oxuduqca hiss edirsən ki, bu misralar şairin qəlbindən bulaq kimi süzülüb vərəqlərin üstünə tökülür. Əgər bu sözlər qəlbdən süzülməsəydi, yəqin ki, misralar bizi bu qədər sehirləməzdi.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

Mənbə: https://azertag.az/