M.C.Paşayevin 115 illiyinə

Azərbaycan nəsrinin  görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin zamanüstü yaradıcılığı milli ədəbiyyatımızın tarixinə işıq salan  müdrik qoca, çağdaş dövrümüzdən gələcəyə salam verən gəncidir.

Sözsüz ki, böyük ədibin zəngin yaradıcılığına işıq tutan çoxsaylı yazılar mövcuddur. Lakin, Mir Cəlal Paşayev yaradıcılığı elə bir zəngin xəzinədir ki, nə qədər çox yazılsa da,  yenə də yazılmağa, tədqiq edilməyə ehtiyac duyulur.

Bir gündə  dörd fəslin gözəlliyini yaşayan  böyük ədibin qəlbi təbiət, həyat, zaman kimi dərin fəlsəfi mövzuların  geniş üfüqlərinə açılırdı. Onun əsərlərinin həyatla bağlı mövzularında köhnəliklə yeniliyin, kamilliklə cəhalətin,  xeyirlə şərin,  həqiqətlə yalanın, ədalətlə zülmün mübarizəsi ilə yanaşı milli ruhumuzun da vətəndaş mövqeyində açıq və cəsarətli şəkildə əks olunması xüsusi yer tuturdu.

Böyük ədibin yaradıcılıq ziyası ədəbiyyatın hər növ dili ilə cəmiyyətin qaranlıq tərəflərinə işıq salırdı. O, roman, povest, hekayə, oçerk, novella, publisist yazılar və  saysız elmi məqalələri ilə  ömrünü yazı masası arxasında mərhələ-mərhələ xalqın, cəmiyyətin inkişafına paylamışdır.

 Yazıçının məhsuldar ömrünün elə bir günü olmamışdır ki, bir əli qələmdə xalqdan, vətəndən  yazarkən, o biri əli milli dəyərlərin nəbzində olmasın.  Zəngin  yaradıcılığı ilə öz əsərinin adı ilə desək, ədəbiyyatımızda “Təzə şəhər” salırdı.             

 O, “Bir gəncin manifesti” romanındakı “İtə ataram, yada satmaram” ifadəsi ilə tarixin, dövrünün adından gələcəyin milli baxış düsturunu yaratmışdır. O düstur ki, onun  əhəmiyyəti milli ruhun inkişafında bir körpənin böyüməsində ana südünün dəyəri qədər önəmli idi.  Onun toxunduğu bütün mövzuların libası altında milli ürək döyünürdü. Milli dəyərlərə olan sevgisi meyvə üçün çiçək açan ağacın bahara olan sevgisi qədər əzəmətli idi. O, bütün ruhunu  saran bu əzəmətə ömrü boyu sadiq qaldı.

 Böyük ədibin “İki rəssam” əsərindəki rumlu rəssamın çəkdiyi misilsiz mənzərəni çinli rəssamın seyqəl üsulu ilə divarda güzgü yaradıb əks elətdirdiyi  kimi özü də sanki güzgü misalı xalqın milli ruhunu əsərlərində cilalamışdı.

 “İstifadə” hekayəsində isə bu xətt başqa bir formada daha qabarıq şəkildə üzə çıxır. O, əsərdə məktəbi barlı-bəhrəli, güllü- çiçəkli bağla müqayisə edərək xalq və onun ideoloji əsasları barədə müəllimin dili ilə sadə şəkildə çox incə mətləblərə toxunmuşdur.  Bağçada müəllim  xəyalən “yazda səhərin açılması ilə, dənizin içindən qalxan günəşin üfüqdə yaratdığı gül rəngi ilə, may paltarı geymiş meyvə ağaclarının yaylıq oynatması ilə, səslərində yerə gümüş pul səpən quşlarla” – bir sözlə, təbiətin füsunkar gözəlliyi ilə iç-içə olarkən  məktəbin zəngi çalınır. Müəllim təəssüflə “heyif ki, zəng tez çalındı”, –deyə düşünür.  Bu zaman “çantasını qoltuğuna vuran,  yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə,  yaxası açıq  məktəbə tələsən uşaqlar sinfə doluşurlar”.

Bağçadan tez sinfə  qayıdan müəllim uşaqları görəndə gözəllikdən ayrılmağının təəssüfü bir anda yoxa çıxır.   Yerini  uşaqların gələcəyi ilə bağlı milli, taleyüklü arzular tutur.  Müəllim gözü uşaqlarda, fikri onların gələcəyində  ürəyində  özü ilə danışmağa başlayır:

“Bura, bu sinif bağdan, bağçadan əskikmidir? Budur, bu bağçanın baharı gəlir! Buranın kiçik günəşləri var! Bütün təbiət – günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir, böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən gözəl şeri, dünyanın ən dadlı musiqisidir”.

Müəllif hekayədə gələcəyimiz hesab olunan uşaqlarımızın milli dəyərlərə sədaqət hissi ilə böyüməsinin əsasının hələ məktəbdə ikən  qoyulmasını göstərməklə, o zamankı ideologiyamızın gələcəklə danışan milli dili olmuşdur. Müəllif gələcəyimizin milli dəyərlərə sahib çıxması ilə yanaşı, həm də geniş dünyagörüşünə malik, müasir dünyanın önündə gedən savadlı, elmli bir nəsil kimi yetişməsini arzulayırdı :

“…Dərs başlanır.

 Sabirin yaradıcılığı!

Mən bu böyük insanı uşaqlara tanıtmalıyam…”

Əsərdə  müəllimin dərsə xalqın dərdlərini   şeirlərində  yana-yana ifadə edən böyük Sabirlə başlaması, uşaqlara Sabiri tanıtmaqla bərabər həm də xalqın dərdlərini tanıdırdı.

Daha sonra dərsin davamı olaraq müəllimin  uşaqların hər birini bir Sabir, bir Puşkin, bir Axundov kimi  görmək istəyi təsadüfi seçilməmişdi.  Çünki onun  bu istəyi  simvolik olaraq başlanğıcda  M. Ə. Sabirlə başlayıb,  dünyagörüşünə A. S. Puşkinlə davam etdirərək, sonda  M. F. Axundovla tamamlaması həm də milləti öyrənib ona sahib çıxmağın və  dünyanı tanıyıb onunla olmağın  müdrik üsulu idi. Onun həm uşaqlara gələcəyin gözü ilə baxması, həm də onları gələcəyin gözü kimi hazırlaması millətə xidmətin ən gözəl nümunəsi idi.  Böyük ədib Mir Cəlal Paşayevin  gələcəyimiz olan uşaqlara həssas münasibəti, eyni zamanda, xalqın ürəyinə köklənən ideoloji yolumuzun o zamankı üfüqündə bugünkü üçrəngli bayrağımızın göy rənginin ifadəsi idi.  O bu  ədəbi üsulu  milli ruhumuzun  qorunmasında  ideoloji naxışa çevirmişdi. O milli ruh ki, onun başı üzərindəki qara buludların yağışından, qarından qorunmaq üçün qələmini çətir etmişdi.

Mənbə: http://: https://ayb.az/