Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar…
AZƏRTAC xəbər verir ki, növbəti nömrəsi Moskvada işıq üzü görmüş “İRS-Haslediye” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının məqaləsi belə sərlövhə ilə dərc edilib.
Müəllif “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma yurdlarına qovuşan məcburi köçkünlərdən bəhs edir. “Şən həyəcanla işıqlanan gənc, uşaq, qoca üzlər, bir çoxunda bu hissə kədər də qarışır… İlk növbədə, igid xilaskar əsgərlərə və dövlətimizin başçısına sevinc ifadələri, minnətdarlıq və xoş arzular… Bütün bunlar Azərbaycan televiziyasında artıq keçmiş məcburi köçkün dəstələrinin öz doğma yerlərinə – işğaldan azad edilmiş Qarabağa daimi yaşamaq üçün göndərilməsi ilə bağlı müntəzəm reportajlardandır.
“Bu cür xəbərlər 2024-cü ilin sonuna yaxınlaşdıqca xəbər verilişlərinin mühüm xüsusiyyətinə çevrildi. Bunlar azad edilmiş torpaqların bərpası və dirçəldilməsi üzrə genişmiqyaslı səylərin davamlı irəliləyişindən xəbər verir – bu işlərdə dövlətlə yanaşı, milli özəl sektor da getdikcə daha fəal iştirak edir, bəzi dost xarici ölkələrin layiqli töhfələri də getdikcə daha nəzərəçarpan olur”, – deyə M.Mərcanlı yazır.
Qarabağ işğaldan azad edilib, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başa çatıb. Amma otuz ildən artıq uzanan münaqişənin nəticələrinin hələ uzun müddət hiss olunacağı şübhəsizdir. Təkcə siyasi müstəvidə deyil, ilk növbədə, qarşıdurma xəttinin hər iki tərəfində çoxları üçün psixoloji travma şəklində qalacaq və bu kütləvi ürək yarası istər-istəməz mədəniyyət sferasında da öz əksini tapacaq.
Bu nömrədə münaqişədən sonrakı dövrdə erməni kinosuna nəzər salınan məqalə yer alıb.
Ən diqqətçəkən filmlər müəlliflərin son müharibəyə və onun nəticələrinə reaksiyasını və nöqteyi-nəzərini əks etdirir – bəziləri üçün bu, siyasiləşdirilir, bəziləri üçün isə daxili, şəxsi filmə çevrilir. Etiraf etməliyik ki, birinci yanaşma üstünlük təşkil edir və bu, obyektiv olaraq iki qonşu ölkə arasında revanşizmin qızışdırılmasında və düşmənçiliyin davam etdirilməsində maraqlı olanların işini asanlaşdırır.
Rusiya imperiyasının Osmanlı Türkiyəsi və Qacar İranı ilə qarşıdurmada Cənubi Qafqaza doğru irəliləməsində mühüm mərhələ olan 1783-cü il Georgiyevsk müqaviləsi haqqında məqalə tarix həvəskarlarının marağına səbəb olacaq. Bu nəşrdən aydın olduğu kimi, Georgiyevsk müqaviləsi Rusiyanın rəqibi olan Osmanlı imperiyasını regiondan sıxışdırıb çıxarmaq üçün Qafqazda xristian ittifaqı yaratmaq üçün atdığı ilk strateji addımlardan biridir.
İlin son buraxılışında müəyyən olunmuş qaydada ənənəvi bölmələrdən materiallar da təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Mənbə: https://azertag.az/