Xanım ANELA.”AZADLIĞIN PƏNAHGAHI. MOLLA PƏNAH VAQİFƏ MƏKTUB” (ESSE)

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Qəlblərin aşığı, Şuşanın işığı, Vaqif!

Bu məktubu sənə azad Şuşadan, sənin nəfəsinlə dirçələn torpaqlardan yazıram. Aradan əsrlər keçsə də, sənin sözlərinin sədası hələ də bu dağlardan çəkilməyib. Zamanın çarxı dönüb, nəsillər dəyişib, dünyanın siması başqalaşıb. Əfsus, dəyişməyənlər də, var… “cahan mülkündə, mütləq, dоğru halət” yenə kəmdi, səndən bu yana “hər nə gördük, əyri gördük, özgə babət görmədik”.

Sənin sədalı sətirlərini bir zamanlar saraylarda dinləyənlər torpağa qarışıb, qələminin izi ilə böyüyənlərin övladları indi bu şəhərdə yeni səhifələr açır.

Bu əsrlər boyunca çox şey dəyişdi, Vaqif. Sözə deyil, silaha güvənənlər gəldi, şəhərini susdurmaq istədilər. “Hər kəsə hər kəs ki, еtsə yaxşılıq, оlur yaman”… Yenə qoynumuzu açdığımız yalançı “aşinaların ixtilatında sədaqət görmədik”.

Şuşanın səması get-gedə qara buludlara büründü. Sənin oxuduğun dağ yollarında susqunluq hökm sürdü. Ancaq söz, əziz Vaqif, heç zaman ölmədi. Sənin misraların, sənətə vurğunluğun, xalqla bir olan sözün bu xalqın yaddaşına elə həkk olmuşdu ki, sağ qaldı yaşadı.

Şuşa susqunluğa büründü, amma unudulmadı. Hər daşında bir səs, hər küçəsində bir iz yaşadı. Əsir oldu, dünya səsini çıxarmadı, “hiç kəsdə həqqə layiq bir ibadət görmədik”. Dağların başında ucalan qalaları, ədəbiyyatla əbədiyyatın, sənətlə düşüncənin çağlayan qəlbi şəhərin “özünü qılmış idi giriftari-qəmü dərdü fəraq”…

Sən sağ ikən Şuşaya təşrif eyləyib bir araya cəm olan qələm ustadları hər misranın, avazın, fikrin işığında yollar axtarardılar. Məclislər qurular, söhbətlər açılar, qafiyələr qürurla səslənərdi. Sanasan indi o günlərin üstündən min illər keçib. “Kim qalıbdır ki, оnun qəm tökməyibdir qanını,

dönə-dönə imtahan еtdik fələk dövranını”…

Sən təkcə söz yazmırdın, sən sözü xalqın nəfəsinə çevirmişdin – sadə, amma dərin, xalqın öz dilində, öz ağrısında, öz sevincində danışan bir poeziya yaratmışdın. Bu ruh qalxana dönüb zamanın çiyinlərində şahə qalxdı, səndən sonra gələnlər, davamçıların da bu dağlarda qələminə güvəndi. Ol səbəb ki, Şuşa təkcə şəhər deyil, milli kimliyimizin, ruh yaddaşımızın və şeirimizin beşiyi oldu. Lakin şairim, bu beşiyi iyirmi səkkiz il yağılar yırğaladı… “müxtəsər kim, bеlə dünyadən gərək еtmək həzər, ondan ötrü kim, dеyildir öz yеrində xеyrü şər”… Ha yırğalansa da Şuşan susmadı, səssizləşdi, amma içində ağladı, cınqırı da çıxmadı… Minarələr boynubükük qaldı, qapılar əbədiymiş kimi bağlı, kitablar toz içində unuduldu.

“Baş ağardı, ruzigarımız оldu gün-gündən siyah”, lakin xalq öz kökünü unutmadı. Azadlıq eşqi ürəklərdə sönmədi, daha da şölələndi. 2020-ci ildə, Zəfər ilində Şuşa yenidən öz kimliyinə, öz sözünə, öz nəfəsinə qovuşdu. Bu təkcə torpağın azad olunması deyildi, ruhun dirilməsi, yaddaşın təzələnməsi idi. Qələbənin səsi bu dağlarda sənin sədalarınla qarışdı.

O möhtəşəm günlərdə sənin şəhərinə, sənət beşiyinə doğru igid oğullarımız silahsız cəngavərlər kimi dağa dırmanaraq yol açdılar. Sıldırım qayaları aşdılar, Şuşanın ürəyinə, qəlbinə təkcə mərdliyi yox, ruhlarını da gətirdilər. “Qоyma kim, şеytani-məlun еyləyə imanə zur; şölеyi-hüsnünlə bəxş еt tazədən dünyayə nur”… Nəvələrin təkcə vətəni deyil, sənətini, sözünü, tarixini qorudular. Şuşanı qanları ilə, canları ilə xilas etdilər.

İndi hansımızdan bir xalqın əzmini, bir millətin birliyini soruşurlar könül rahatlığı ilə bu Zəfəri dilə gətiririk. Ali Baş Komandanın iradəsiylə yumruqtək birləşmiş xalqımızın gücü dillərə dastan oldu, şairim. Şuşamız tarixə yenidən mədəniyyətin, qürurun, dirənişin rəmzi kimi yazıldı. Azad edilən Şuşa yenidən sənətin paytaxtına çevrildi, poeziya günləri bərpa olundu, sənə həsr olunan məclislər yenidən quruldu.

İndi bu şəhər yenə danışır, yenə yazır, yenə nəfəs alır.

Sənin şəhərin – Şuşan – indi yenə azaddır. Sənin şeirinin ruhu, sənətə, insana və vətənə olan sevgin yenidən nəfəs alır. Biz indi başqa bir dövrün övladlarıyıq, lakin sən bizim qəlbimizdə yaşayırsan.

Sənə bu məktubu yazmaq təkcə keçmişə boylanmaq deyil, həm də gələcəyə inamla baxmaqdır, Vaqif. Sənin ədəbi irsin, sənin sözün bizi təkcə sözə deyil, ruhumuza da qayıtmağa vadar etdi. Bu torpaqda indi yeni nəsil yetişir – sənətin gücünə inanan, sözə dəyər verən, tarixin yükünü çiyinlərində daşıyan bir nəsil.

Biz – bu günün gəncləri sənin işığını daşımağa davam edəcəyik. Qələminlə açdığın yol bizim yolumuz olacaq. Sözünlə qaldırdığın baş, sənətinlə qurtardığın qürur və hər misran bizə mirasdır…

Vaqifə, ya rəbbəna, öz lütfünü еylə pənah,

Səndən özgə kimsədə lütfü inayət görmədim.

Bilirəm, harada olursansa ol, bugünkü Şuşanı görür, duyur, hiss edirsən.

Bu məktubu sənə azad Şuşadan, şeirlə nəfəs alan yollardan, sözlərin ucaldığı səfalı dağların qoynundan yazıram. Və deyirəm: Sağ ol, Vaqif! Ruhun bizim könlümüz kimi şad və rahat olsun!

Mənbə: https://bizimyazi.az/