Xalq şairi Söhrab TAHİR.”Mən həm o tayınam, həm də bu tayın… “

Öləndə…

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə
Mən də öz qəbrimdən boylanacağam.

Daha

Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım, bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!

Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha!

Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır,
Görüşsəm, ayrılmaq bilmərəm daha.

Ömrümdən qürbətlər, yadlar qovulsun,
Keçmişim yiyəsiz qaldı, qoy olsun!..
Ancaq gələcəyim mənimki olsun,
Mən onu ömrümdən silmərəm daha!

Mənim səadətim hardasa itdi,
O asan gəlmişdi, asan da getdi,
Mənə nə etdisə səadət etdi,
Bədbaxt səadətə gülmərəm daha!

Qorxaqlar önümdə çöküb əyilsin,
Vətənsiz vüqarım göyə dikəlsin;
deyin azadlığa, ardımca gəlsin,
Mən onun ardınca gəlmərəm daha.

Mənbə: https://edebiyyatqazeti.az/