Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005).
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. “Humay” mükafatı laureatıdır (1998).
Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Kitabları

Yoldan teleqram. 1968
Mən burdayam, ilahi. 1996
Uzaq yaşıl ada. 1996

Filmoqrafiya

1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Ağır şkaf (film, 1971)
Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bəxt üzüyü (film, 1991)
Bircəciyim (film, 1986)
Cin mikrorayonda (film, 1985)
Çıxılmaz vəziyyət (film, 1983)
Evləri göydələn yar (film, 2010)
Evləri köndələn yar (film, 1982)
Gün keçdi (film, 1971)
Xəzinə (film, 1970)
Karvan (film, 1995)
Qətl günü (film, 1990)
Nəğməkar torpaq (film, 1981)
Toya dəvətnamə (film, 1973)
Vurğun ocağı (film, 2003)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Yumurta (film, 2003)

* * *

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk…

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar…

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur…

1963

* * *

Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar…
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.

1965