Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

48000_129777903874457_1650907077_n3

***
Sən,
Ləçəkləri püstə gözəllərin
sinələrinə toxunan
sevda çiçəyisən.
Sən həm də,
ucqar təpələrdə
sağlığına badə qaldırılan
tale işığısan.
Arabir,
bakirə gözəlliyinə
sərxoş baxışlar
uzatmaq keçir içimdən.
Arabir də
Titrək barmaqlarımı
Şüşə kimi hamar,
lalə yarpağı qədər işvəli
yanaqlarından asmaq istəyirəm
qara kəhrəba kimi.
Bəzən də
son qərara gəlmək gücü olan
günahkar adamtək
bir kərə cəsarətlənib
ruh ağlığındakı
əllərindən yapışmaq istəyirəm.
Necə ki, yazağzı nəm duman
alagöz səhərin
pöhrə soyuğundan üşüyən
qayalara yapışır.
Doğrusu,
İçində həyat iksiri qaynayan
eşq qədər odlu gözlərinə baxmaq
gecə yarı çöldə üşəndiyin
qara paltarlı ağ kölgələrin
üzünə baxmaq qədər çətindi.
Durub, düşünürəm indi:
– Sən kimsən?
Mələk, ya qadın?
Yadıma düşmür adın,
Səni sevmək olar?

***
Qaytar nə vermişəm, köçümüz gedir,
Çətin ki, bu ömrü bölüm səninlə.
Həsrət də hicrantək sinəmə yükdür,
Fikrimdən keçmir ki, ölüm səninlə.

…Səni qınamıram, səhv məndədi, qız,
Yenə ərşə qalxıb davası canın.
Bir az ürək qızdır oduma, baxım
Görüm necə çatır havası canın…

Üzümə çəp baxma, ruhum darılır,
Nolar həsrətimin butası olsam?!
Mənə ərk edərsən bu yaşda canım,
Bir gün əllərindən tutası olsam?!