Rafiq ODAY.Yeni şeirlər

Rafiq Oday foto

KİMİ

Yenə gözüm buludlardan nəm aldı,
İstəyini həm almadı, həm aldı.
Ağrılarım ürəyimə cəm oldu,
Vay görmədim hələ belə vay kimi.

Dəli sevdam xəzan dərir, – bar deyil,
Bu sevgidə etirafım ar deyil.
Küllü-aləm daha mənə dar deyil,
Yığılıram öz içimə yay kimi.

Dərd yolçusu qəm atına süvarsa,
Selə dönər gözlərində su varsa.
Göz yaşıyla boz səhranı suvarsa,
Qəbul olar bu Tanrıdan pay kimi.

Hava deyil, «Göyçəgülü» havardı,
Bir ahımla Göyçə gölü qabardı.
Neçə-neçə qönçə gülü apardı,
Fələk, yenə saydığını say, kimi?!

Adım adlar sırasından silgidə,
Mən baş oldum, yenə bu nəhs bölgüdə.
Kərəm, Məcnun, Fərhad qaldı kölgədə,
İndi tutum mən özümə tay kimi?!

KİM SEVƏR Kİ…

Mən haqqa aşiq biriyəm,
Haqqım yox susam, kirirəm,
Açılmaz tanrı sirriyəm,
Məni özgə kim sevər ki…

Xəzan aldı ilk baharı,
Puç eylədi arzuları,
Saçımdakı dümağ qarı,
Dəni özgə kim sevər ki…

Yelə verdik son gümanı,
Baş çəkir qəlbə damanı.
Ruhlara çökən dumanı,
Çəni özgə kim sevər ki…

Bir «yox» var, bir də «bəli» var,
Çiynimdə bir dost əli var.
Yer üzündə bir dəli var –
Səni ozgə kim sevər ki…