10304351_268609333324646_7910328543693681828_n

Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində ictimai-ədəbi və bədii ovqatdəyişmə mütabiq əksetdirmədir; bu məğzin fəlsəfi-ictimai dərkində vizual yüksəlməyə meyl mistik hissetmələrdən bir qat yuxarıda təcəlla edir. Bəlkə də bu səbəbə poeziya adlı «materik»in «iqlim qurşağı» dəyişkən xarakterlidir.

Vaxtsız yağmış qar altda,
Qar altında qalan şiv,
Haqladı səni bu qar;
Yarpağını tökməmiş
O fəsli qarşıla,
Bu fəsli yola sal…

Bu şeir vaxtsızlıq və vaxt zərurətinə ən gözəl nümunələrdən biridir. Xatirə xanım vaxtın yedəyində vaxtsızlığa zəmin yaradan mistik-fəlsəfi və bir az da sürreal vəziyyətlərə modern münasibət sərgiləməklə oxucuda yüksək əhval yaradır. Və bu şeirin təsirinə düşdükdən sonra belə qənaətə gəlirik ki, ümumiyyətlə dünyəvi enmədə fikir dürüstlüyü bəlkə də qlobal məsələdir. Sözün varid olduğu hər kəs bu məsələyə münasibətdə eyni fikir ifadə etmir. Xatirə xanım bu mənada özünün məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketməyə sirayət edir; nəticədə zahirə baxışla daxilə keçiddə bir ortaqlıq yaradır. Və diqqət yetirsək, görərik ki, onun yuxarıda nümunə kimi gətirdiyimiz şeirinin də ədəbi keçid anı məna və məzmunda qabaran ictimai-həyati təsiretmə ilə təzahür edir, üstəlik bu və buk imi şeirlərin ictimai seyretməsi həyat zərurətləri, metafizik (metahissi) əhatədə ruhi təcəlladır. Bu modern-fərqli aspekti müəllifin həyat formatı kimi də qəbul etmək olar.
Zəruri-ədəbi münasibətdə əksləşmə cəmiyyətə bəzən faydasızlıq gətirir. Xatirə xanım bunu dəqiq bildiyindən əxlaq, din, zaman və həyat zərurətlərini bayağı səmtlərdən yayındırır, təfəkkürləri doğru ünvana itələyir. Şübhəsiz, bu zəminə görə onun yaradıcılığında cəmiyyət-həyat reallığı zaman-vaxt cəhdləri qədər önəmlidir və bu şeirlərdəki ruhsallıq özünün modern ovqatdəyişməsi ilə daha təsirlidir.

Sarı ilan tək
Boynuma sarılır tənhalıq xofu.
Bir kimsəyə isinməyən
ürəyimin soyuğunda,
sazağında üşüyürəm.

Şübhəsizdir ki, son altmış ilin ədəbi çək-çevirləri bir qolunu sürreal-mistik səmtdən götürür. Səmimi deyək, bu istiqamətin beynəlxalq aləmə çıxışı çox olsa da, yalnız bir neçə səmtdə zəruri əbəbi miqyaslar görünən əhatədədir. Bu yöndə sevinə biləcəyimiz məqamlar var. O məqamlar ki, real bədii hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir. Zənnimizcə, modern ovqatlı, yeni ədəbi meyllərə səmt götürmək marağı (çoxlarından) bir qat artıq olan istedadlı şair Xatirə Fərəclinin real yanaşmada mistik-fəlsəfi ovqatdəyişmə manevretməsi bəlkə elə bu modern-hissi yüksəlmədə israrlı olmasından irəli gəlir. Bu fikrə onun ictimai-ədəbi ovqatına bükülə bildiyimiz şeirləri də əsas verir. Cəmiyyətlərin həyat və tale kodekslərini (qismən) özündə ehtiva edən bir sıra mənbələrə nümunə göstərə biləcəyimiz bu şeirlərin süjet xəttində ruhsallığa meyl, tale, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Xatirə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ədəbi yüksəlməyə əhatəli baxışlar sıçratması fəlsəfi-ictimai məğzlərə tam bələd olması ilə xarakterizə edir.
Bəri başdan deyək ki, Xatirə xanımın «təhlilə cəlb etdiyimiz şeirləri yeni poetika qurmaq iddiası güdmür; əksinə bu istiqamətdə mövcud qarışıq vəziyyətlərin açılması, fikirlərrarası gerçək ədəbi prosedurların uyğun xarakterə salınması üçün əsas verir. Və sevindirici haldır ki, müəllif bu şeirlərin poetika və məzmun qavramasını, müasir cəmiyyət reallığını, kamilləşmədə müdrikləşmə məğzlərini, Allahın yeganəlik faktını və s. nüansları yeni baxış və düşüncəyə hesablaya bilib. Ən azından bəlkə də buna görə onun şeirləri insanı bütünlükdə duyğusal bir səmtə aparır – o səmt ki, çoxumuz onun həsrət çalarlarına bükülmüşük və hər ötən gün bizi ona yaxınlaşdırır.

Aramağa dostum yox,
Qınamağa düşmənim.
Başım adam küyündə…

***

…Hər dəfə naxələflik,
Saxtalıq görəndə
Eybəcərləşəcək o dünya.

Xatirə xanımın şeirlərinin ictimai-mistik və fəlsəfi qatlarında yeni meyllərə modern bir yanaşma da var; müəllif səliqəli və ütülü fikirləri ilə (bir fərd olaraq) onu ruhsallıqdan uzaq salan cəmiyyət axınına qarşıdır, müasir yüksəlmə ilə tanışlıq onu həyat qaydaları ilə uzlaşmada israrlı edir. Nəticə etibarilə o, mənəvi sınmalara zəmin yaradan fiziki görkəmləri labüd mütləqə itələmək və işıqlı aləmə uzanan qapılara yol yormaq niyyətindədir.
Bunu da səmimi deyək ki, ömür boyu çoxlarının fərqində olmadığı həyat izharları Xatirə Fərəcli üçün nə vaxtsa fərqində ola biləcəyimiz həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Bu mənada, onun şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir.
Yuxarıda misal gətirdiyimiz şeir parçalarında və onlara söykək olan digər şeirlərdə ruhsal sevgidən sıyrılma, ciddi sosioloji problemlərdən sayılan ünsiyyət modeli sanki araşdırmaya cəlb olunub. Burarda həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur. Bu mənada, deyə bilərik ki, Xatirə xanımın bu tip şeirlərinin ictimai məğzi bir az da taleqavramadır.
Apardığımız təhlillər göstərir ki, hissi dərketmədə ovqat dəyişəndir; buna da real təsiretmələr zəmin yaradır. Xatirə xanımın ovqat dəyişməsi onun dəyişən meyllərə fərqli baxışıdır. O baxış ki, poetika-məzmun kodekslərini dürüst mənalandırır.
Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərinin əksərində (düşünürük ki, bir-bir ad çəkməyə lüzum yoxdur) insan-mənəviyyat dəyərləri, mentalitet – milli kimlik məsələləri zahiri baxışlara, daxili enmələrə öz ictimai dolğunluğu ilə sirayət edir. Sevindirici haldır ki, bu təsiretmədə oxucu yaddaşı da itilənir.
Və zahiri mənada insan yüksəlməyə meyllidir; həyata uyğunlaşa bilməmək bu zərurətin mənsəbidir. Yəqin bu xüsusda Xatirə xanım ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir. Bu gerçək situasiyanı onun əksər şeirinin ədəbi missiyası vasitəsilə də xarakterizə etmək mümkündür.
Mənən aşağılanan insan seyretməsində də hissi-düşüncə kənar şəxsin, seyrçi fərdin ovqatını təlx edir. Məhz buna görə Xatirə xanım ədəbi uzaqgörməsi hesabına öz şeirlərini mənəvi-ədəbi sarsıntıdan qoruya bilir. O, haradasa bütöv yaradıcılığını bu tərz aşınmadan kənar etmək israrındadır.