Dos.dr. Təranə TURAN RƏHİMLİ, DGTYB Məsləhət Konseyinin üzvü
Müstəqil yaradıcılıq mövqeyinin, sənətkar azadlığının israrla müdafiəsi, onun hər cür diktaturadan uzaqlığının inikası və ən əsası, bədiiliyin bütün meyarların fövqündə dayandığıına yazıçı inamının ifadəsi Anar nəsrinin ən səviyyəvi xüsusiyyətlərindəndir. “Gözmuncuğu” povesti də məhz bu sənət amalına sədaqəti ilə seçilir, hələ ilk əsərlərində azad yazıçı mövqeyini aşkar ifadə edən (XX yüzilin 60-cı illərində bu nə qədər çətin olsa da!), sənətə yalnız bədiilik, estetizm prizmasından baxan qətiyyətli bir nasirin zamana, insanlığa yeni sözü kimi diqqəti çəkir. Oxucu əsərin ilk sətirlərindən yazıçı həqiqətinə inanmağa başlayır. Əsərin hələ epiqrafından bəlli olur ki, sənət Həqiqəti bütün həqiqətlərdən yüksəkdə dayanır.
Məlum olduğu kimi, epiqraf əsərin ümumi ruhunu, məzmununu, yazıçı qayəsindən və əsas ideyanın diqtəsindən irəli gələn mətləbləri həmişə özündə ehtiva etmir. Bəzən bilavasitə əsərlə heç bir əlaqəsi olmayan epiqrafa da rast gəlirik. “Göz muncuğu” povestində isə hər fəslin əvvəlində verilən epiqraf xarakterli yazılar, sitatlar, aforizmlər birbaşa mətnin semantik yükü ilə bağlıdır, məzmunun açılmasına, ideyanın anlaşılmasına zəmin hazırlayır, bədii fikrin məntiqi ilə uzlaşır. Buna görə də bilavasitə yazıçı fikrinin izahına yönələn sitatlar, aforizmlər bolluğu oxucunu yormur, əksinə sənətkar həqiqətinin dərkinə stimul yaradır.
Anarın “Göz muncuğu” povestində Dostoyevski nəsrində olduğu kimi, hadisələrin, obrazların hamısı bərabərhüquqludur. Əvvəlki nəsr əsərlərində olduğu kimi, müəllif burada da “fərdi”də “ümumi”ni, “mən”də epoxanı, “xırda”da monumentalı əks etdirə bilib. Oxucu əsərə öz aksioloji münasibəti sayəsində (həmişə bunu hiss etməsə belə) müəllifin polifonik tərzdə təqdim etdiyi həqiqəti, əsərin ümumi məzmunundan doğan nəticəni aydın dərk edə bilir. Məsələn, “Göz muncuğu” povestinin qəhrəmanı Əhlimanın həyat fəlsəfəsi, ziddiyyətli dünyagörüşü, dünyanı gah materialist, gah idealist dərkə yönələn baxış tərzi bəzən oxucunu qane etməsə də, öz düşüncələrinə inandıra bilir. Çünki, yazıçı Əhlimanın müxtəlif zaman, hadisə və situasiyalarda fərqli düşüncə tərzini inamla təqdim edir, qəhrəmanı ilə razılaşır, oxucunu onun məntiqinə inandırır, təfəkkürünə ehtiram hissi yaradır.
“Anarın obrazları mənfilik və təmtəraqlı konfliktlər xatirinə qəlibə salınan ekzotik nümunələr deyildir, onlar sırf real insandırlar və hər konkret situasiyada öz real insan xislətləri ilə çıxış edirlər.” Tənqidçi Aydın Məmmədovun bu fikrini qeyd-şərtsiz “Göz muncuğu” povestinin süni pafos və ritorikadan uzaq, son dərəcə təbii obrazlarına, xüsusilə aparıcı qəhrəmanına şamil etmək yerinə düşür.
“Ömrü boyu materialist olmuşdu. Ölümdən sonra başqa bir həyatın mövcudluğuna heç vaxt inanmamışdı.” Bu, qəbirdə sıxıntı çəkən Əhliman haqqında yazıçının qənaətidir. “Hə, indi Allaha üz tutursan, ömrün boyu varlığını dandığın Allaha… Allaha təvəkkül… Allahdan başqa heç nəyə, heç kimə ümid yoxdu. Məni burdan yalnız Allah adlanan Möcüzə qurtara bilər.” Bu isə ruhi-mənəvi vəziyyəti dəyişən aparıcı qəhrəmanın fikridir. Yazıçı təhkiyəsi ilə qəhrəman sözü arasında həmişə belə bir üzvi əlaqə, vəhdət var, onlar yaxşı anlaşırlar, oxucunu əsərin daxili məntiqinə inandıran başlıca amil də budur. Anarın təkcə Əhlimanın diliylə danışması yox, həm də onun tərəfində olması əsər boyu müşahidə etdiyimiz, polifonizmə xas məziyyətlərdən biri kimi diqqəti çəkir.
Qəhrəmanın özü ilə gizli polemikası, gizli dialoqu sayəsində onun xarakter cizgiləri aydınlaşır. Bu dialoq və polemikalarda özünüdərkin dərinliyi, idrakın lap nüvəsinə qədər nüfuzetmə dəqiq müşahidə edilir.
Qəbirdə dirilən Əhlimanın gah Daniil Andreyeviçin kitabından oxuduqlarını, gah sufilərin məşhur lətifəsini xatırlaması, dünya ədəbiyyatı klassiklərinin, milli yazıçıların əsərləri, qəhrəmanları və s. “anımların” beynindəki “basabası, fikirlərin tünlüyü” qəbir gerçəkliyini, insanın həyatda düşə biləcəyi ən mürəkkəb, çarəsiz situasiyanı unutmağa xidmət edir. Dəli olmamaqçun beynini qatan qəhrəman “Bəlkə, xilas – dəli olmaqdır?! qənaətinə qədər gəlib çıxır. Lakin xilas olanadək Əhlimanı sağ saxlayan onun oyaq idrakıdır, bir-birini sürəkli əvəz edən düşüncələridir. Yazıçı bütün əsər boyu insan idrakının gücünə, yenilməzliyinə inamı təlqin edir.
Povestdə göz muncuğu rəmzi-simvolik, şərti-metaforik məna daşıyır. Əsas yazıçı diqqəti isə Əhlimanın timsalında çağdaş insanın yaşantıları, dövrün mürəkkəb stixiyasından irəli gələn, qavranılması və qəbul edilməsi müşkül olan sosial gerçəkliklərə münasibət, mühitin, hadisələrin fonunda xarakterin formalaşması və s. önəmli həyat məsələləri üzərində cəmləşir.
Ölüm və ölümdən sonrakı həyat həmişə insan oğlunu uzun-uzadı düşüncələrə qərq edib. İlk, bəsit ədəbiyyat nümunələrindən başlayıb ən mükəmməl, şedevr əsərlərədək bütün yazılmışlarda bu müəmmanın, insan zəkasının anlamaqda çətinlik çəkdiyi, qarşısında acizliyini qəbul etdiyi bu qapalı aləmin dərkinə güclü meyl var. Uzun əsrlər yaradıcı zəka qeyri-səlis məntiqlə, təxəyyülün gücü ilə, elmi təfəkkür dərin analitik nüfuzla məsələnin mahiyyətinə varmağa çalışıb. Hələ 2500 il əvvəl Platon döyüşdə öldürülən, on iki gün sonra meyidi yandırılarkən qəfildən dirilən Eranın paralel dünyada gördüklərini analiz edirdi. Amerikalı psixoloq həkim Raymond Moudi “Ölümdən sonrakı həyat”, “Həyatdan sonrakı həyat” kitablarında həkim dostu Corc Ritçidən eşitdiyi bir hadisənin yaratdığı maraqla tədqiqatlar aparır, ölümdən sonrakı həyat barədə biliklərlə insanın alt şüuruna girməyin mümkünlüyünü isbata çalışırdı.
Anarın “Göz muncuğu” povestində də ölümün dərkinə yönələn bədii-fəlsəfi düşüncələr yer alır: “Ölüm beləymiş… Bəs o yüksəklik, uçuş, ağrının xatirəsi… Tanış sifətlər… Ölübsə, bunları necə xatırlayır? Bəlkə o dünya dedikləri budu… Nədi ölüm – həmişəlik Son ya başqa bir həyatın başlanğıcı…” Hələ ilk fəsildə qəbirdə uzanılı halda öz sıxıntılı həyat yolunu xatırlayan Əhlimanın timsalında ölüm haqqında uzun-uzadı düşüncələrlə, ölümə fərqli münasibətlə qarşılaşırıq. İlk fəslin ilk sözü olan “ağrı” əsərin içində digər sözləri çəkib aparan lakomativ kimi keçib gedir. “Ağrı… dəhşətli, dözülməz ağrı… Beynimdə ildırım çaxır. Sonra… heç nə… … nə ağrı, nə işıq, nə qaranlıq…. səssizlik… sükut…” Həmin dözülməz ağrını da, çaxan şimşəyin ani yanıb-sönən işığını da, aləmin yenidən “zil-zülmət qaranlığ”a qərq olmasını da, və bütün bu baş verənləri dünyanın sakitcə, sükutla izləməsini də yazıçı əsər boyu diqqət mərkəzində saxlayır.
“Göz muncuğu”ndakı ağrını unutmaq mümkün deyil. Ölüm dəhşətini yaşamasaq da, haçansa ölüb dirilməsək də, nədənsə, Əhlimanın yaşantıları, xüsusilə ağrısı bizə tanış gəlir. Böyük Lev Tolstoyun yazdığı kimi, “Adətən əsil bədii təsir alana elə gəlir ki, bunu əvvəllər də bilirdi, lakin söyləyə bilmirdi.” Anarın povestini oxuduqdan sonra aldığımız yüksək təəssürat, dərin bədii təsir bu qənaəti bir daha təsdiqləyir.
“Göz muncuğu” povesti asan həzm edilə bilməyən həqiqətləri ifadə etdiyi üçün ağır ahəngə malikdir. Buna görə də əsəri “su kimi”, “birnəfəsə” oxumaq olmur. Oxusan da həzm edə bilməzsən. Cazibəsinə qapılıb Nitsşe fəlsəfəsini yeniyetməlikdə, ilk gənclikdə oxuyub dərk etmədiyimiz kimi… Uşaqlıqda evin əlçatmaz guşəsində saxlandığından marağımızı cəlb edən, əlimizə düşəndə birnəfəsə oxuduğumuz müqəddəs “Qurani-Kərim”i anlamadığımız kimi…
Həyatı, dünyanı filosofca idrakın məntiqindən doğulan, yazıçı yetkinliyinin zirvə yaşında yazılan əsər də belədir. Çətin dərk olunur və çətin də təhlilə gəlir. “Göz muncuğu” povestində də vəziyyət bu cürdür. Nə qədər paradoksal görünsə də, həyəcan və gərginliyin ən yüksək həddinədək hisslərimizi sınayan, hər fəslində həyat və ölüm haqqında düşüncələrimizə önəmli, lakin ağır nəsə əlavə edən əsərin finalından sonra bir yüngüllük hiss edirik. Bunun səbəbini bir qədər sonra açıqlamaq fikrindəyəm.
Ölümün ağırlığı… Tənhalığın bütün əsərin ruhuna hopan basqısı… İnsanın təzadlı ömrü və əzablı sonu… Bütün bunlar “Göz muncuğu” oxucusunu təkcə aparıcı qəhrəmanın çəkilməz ömür yükü ilə tanış etmir, həm də onun həyat fəlsəfəsinə zərif və dərin naxışlar həkk edir.
Tənhalıq – əsərin içindən qalın, qırmızı xətlə keçir. Onu görməmək, ona laqeyd qalmaq imkansızdı. Bu həm XIX yüzilin 60-70-ci illər Rusiyasının Raskolnikova bəxş etdiyi əzablı yalnızlıq qədər dərin ictimai məzmun daşıyır (F.M.Dostoyevski. “Cinayət və Cəza”), həm də nəsillikcə Buendalara Allahdan tale, qismət kimi yazılmış yüz ilin vərdişi olan tənhalıq kimi böyük kədər doğurur (Q.Q.Markes. Yüz ilin tənhalığı). Birinci halda, tənhalıq zamanla, mühitlə, ictimai proseslərlə bağlıdır; dövranın gərdişi dəyişərsə, qanunlar fərqli yazılıb icra edilərsə, bu tənhalığa da son qoyular. İkinci halda isə, tənhalıq çarəsiz xəstəlik kimidir. Çünki, bəxt, tale, alın yazısı kimi Allahdan gəlir və onu dəyişməyə kimsə qadir deyil, hətta ən güclü qəhrəman da.
“Göz muncuğu” povestinin qəhrəmanı Əhlimanın tənhalığı mahiyyətində hər iki çaları birləşdirir. Əhliman həm zamanın, mühitin təlqin etdiyi yalnızlığı, həm də ilk baxışda həyat tərzindən irəli gələn xüsusiyyət kimi görünən, əslində bəxtin, taleyin bəxş etdiyi tənhalığı yaşamağa məhkumdur. Onun xarakter bütövlüyünə mane olan amillərdən biri də budur. Əhlimanın adının ifadə etdiyi məzmuna – “əhli-iman”a (iman əhlinə) qovuşmadan Əhrimana (şərə) çevrilməsində bu tənhalığın yaratdığı xaosun da payı var.
Yazıçı Əhlimanı Əhriman edən səbəbləri, eləcə də onun tənhalığının köklərini israrla axtarır. Haqlı olaraq bunu qəhrəmanın uşaqlıqda uğradığı haqsızlıqlara, gördüyü zülmə yozur. Dünya ədəbi təcrübəsində də məsələnin bu şəkildə çözümü ilə qarşılaşırıq. Fransız yazıçısı Jan Gevr “Xacə şah” romanında Qacar despotizminin səbəblərini onun uşaqkən gördüyü amansız işgəncələrlə, sonralar bütün həyatının kabusuna çevrilən şiddətli əzablarla izah edirdi.
Əhlimanın da vəziyyəti təxminən bu cürdür. Hələ səkkiz yaşındaykən yuxarı mərtəbədəki qonşunun, “hansı idarəninsə böyüyü” Qasımın oğlu, həmyaşıdı Nəsibdən olmazın zülümlər görmüşdü. Küləyin, sazağın “adamın iliyinə işlədiyi” soyuq vaxtda Nəsibin yuxarıdan əndərdiyi bir ləyən buz kimi suyun ağrısı, yenə də Nəsibin təkidiylə maşınlarına minib Keşlədə hiylə ilə düşürdüləndə soyuq havada pay-piyada şəhərin o başından evə çatmağın sətəlcəm sızıltısı, daha sonra əyyaş atasının “yağlı qapazı”, qırmancların “zolaq-zolaq göynərtisi”… daha neçə-neçə AĞRI Əhlimanı dəyişir, onun içində Əhriman yetişdirir. Beləcə bir vaxtlar məktəbdə Nəsibin ona qoyduğu “Əhriman” ayaması reallığa çevrilir.
Lakin buna baxmayaraq yazıçı öz qəhrəmanının təbiətinə yeni çalarlar əlavə etmək, onun xislətini dəyişmək üçün müxtəlif situasiyalar yaradır. Əhlimanın konkret vəziyyətlərdə çevik, dinamik inkişafına zəmin hazırlayır. Bu cəhətdən povestin “Aydan”, “Ay rəqsi” fəsillərinin üzərinə daha çox “yük” düşür. Bu fəsillər “Qadına məhəbbətdə həyatın bütün gözəllikləri var” (Maksim Qorki) qənaətini yada salır. Ay adamı – yuuxuda gəzən Aydan Əhlimanın həyatına Ay işığının cazibəsi ilə gəlir və onun monoton ömrünə rəng qatır. Aydanın “ipisti” gözəlliyi aparıcı qəhrəmanın həyata soyuq münasibətini birdən-birə dəyişir. Əhlimanın qəlbində indiyədək ünsiyyətdə olduğu heç bir qadına qarşı duymadığı hisslərin təlatümü baş verir: “İçim ən zərif qoxularla, ən incə musiqi nəvalarıyla, ən gözəl şeir misralarıyla lim-həlim dolurdu.”
Qürub çağı üstü açıq maşında xəyali Mərdəkan gəzintisi, küləyin saçlarını üzünə çırpdığı qızın cazibəsi, ürəyi “ən nəvazişli, ən isti sözlərlə dolu” qəhrəmanın sevgi həyəcanı bambaşqa bir Əhliman obrazından danışır. Lakin Əhliman həyatın təzadları arasında tərəddüddə qaldığı üçün Ay qızının gətirdiyi ani xoşbəxtlik onun bütün ömrünü, qəlbinin ən uzaq guşələrini işıqlandırmağa yetmir. Çünki onun yaşadığı dünyanın bir-birinə zidd reallıqları xoşbəxtlik qapılarını qəhrəmanın üzünə kip bağlayır. Çünki bu dünyada insanların bir qismi “yer üzündə özü kimi canlılara qənim kəsilmiş”, “bir ovuc dən, toxum səpib bir torba yox, on torba, on xaral məhsul götürməkçün torpağı kimyəvi gübrələrlə zəhərləyən, çirkab axıntılarıyla dənizləri kirləyən, meşələri qıran, qazlarla, tüstüylə havanı korlayan doyumsuz acgöz”lərdir. Digər qismi də “əqidəsi yolunda edama gedən Nəsimidir. “Hacı Murad”ı yazan Tolstoydur, Mahatma Handidir, Alber Şvetserdir, Tereza anadır. Şagirdlərini ölüm yolunda yalqız buraxmayan, onların aqibətini paylaşan, onlarla birlikdə ölümü qəbul edən Yanuş Korçakdır”, “dünyanın ən gözəl, ən incə qadınlarıdır, ən cəsur, ən güclü, ən iradəli kişiləridir, ən məsum uşaqlarıdır, ən müdrik qocalarıdır”, “Füzulidir, Lİ Bodur, Rafaeldir, Motsartdır, Çexovdur.” Əhliman belə bir qarışıq dünyanın sakinidir. Bu tərəflərdən daha düzgün olanını seçməkdə acizdir. Buna görə də qəhrəmanın iç dünyasındakı “müharibələr” ara vermir.
Əsərdə bəşər tarixinin ən qədim mübarizəsi – Xeyirlə Şərin güclü qarşıdurması ayrı-ayrı tərəflərin arasında yox, bir obrazın daxilində baş verir. Kim qalib gələcək? Okkultizm üzrə müdafiə etmək istəyən tədqiqatçı, dünya fəlsəfəsini, dini kitabları, ədəbi abidələri mükəmməl səviyyədə öyrənib mənimsəyən ziyalı Xeyir-Əhlimanmı, yoxsa içindəki sevgi hissləri “cücərməmiş” məhv olan, ata-anasına belə nifrət edən, qədim sirli xalının sahibini öldürmək üçün görəvləndirilmiş Şər-Əhrimanmı? Bunu müəyyənləşdirə biləcəyimiz son məqamda da yazıçı bizi hər iki personajla qarşılaşdırır. Bir qədər əvvəl toxunduğumuz nüans, finaldan sonra hiss etdiyimiz yüngüllük hissi bəlkə də elə bununla bağlıdır. Sonda yazıçının Hörmüzdün və ya Əhrimanın qələbəsini oxucunun ixtiyarına buraxması məsələni Xeyirin-Hörmüzdün xeyrinə həll etməyimizə imkan yaradır.
Fyodor Dostoyevski realizmi ilə Qabriel Qarsia Markes magik realizminin sərhədləri bir-birindən nə qədər uzaqdırsa, realizmin hər iki çalarının “Göz muncuğu” povestindəki vəhdəti, harmoniyası bir o qədər gerçəkdir. Anar da Dostoyevskisayağı, bədii məntiqin yekununu, finaldan hasil olan fikri hazır şəkildə oxucuya təqdim etmir, hadisələri analiz edib nəticə çıxarmağı, son qənaətə gəlməyi oxucu mühakiməsinin ixtiyarına buraxır. Bununla da qəhrəmanın son aqibətini, taleyinin yozumunu oxucuya həvalə etmiş olur. Yazıçı Somambulizm bəlasının gənc ömrünə son qoyduğu Ay qızı Aydanın cəsədinin yanında yerə sərilmiş cəsədin – eyvandan itələnib yıxılan adamın kimliyini, Əhriman və ya Hörmüzd olduğunu, eləcə də əsərin əvvəlində məzardan dirilib qayıdanın Xeyirmi, Şərmi olduğunu oxucu mühakiməsinə verir. Əslində, əsərin finalında son üç abzaslıq müəllif fikrini oxumadan da Anarın öz qəhrəmanının taleyini oxucuya etibar etdiyi bəllidir. Oxucu fəhmlə duyur, ya bəlkə də belə duymaq istəyir ki, qayıdan Hörmüzddü. Ən azı, Şərin yenidən dünyaya qayıdışını və təzə Əhrimanlar yetişdirməsini yazıçının istəməyəcəyi ümidilə bu inama köklənir. Aparıcı qəhrəmanın öz şəxsində iki paradoksal xarakteri – Hörmüzd və Əhrimanı birləşdirməsi qeyri-ixtiyari Lev Tolstoy yaradıcılığından yaxşı tanıdığımız ruhun dialektikasını yada salır. Əhliman obrazında ruhun ikiləşməsi hadisəsi o qədər ani baş verir ki, Hörmüzd və Əhrimanın çalın-çarpaz izləri, təzadlı aləmləri fikrimizdə dolaşıq düşür, bəzən az qala bu iki fərqli personaj arasındakı sərhədlər itir, onlar bir-birinə qarışır, əhvalatların hansında Əhlimanın, hansında Əhrimanın iştirak etdiyi sual altında qalır. Lakin oxucu bunu çətin çözsə də, bir həqiqəti aydın dərk edir ki, hər iki personaj bir insanın daxili-mənəvi aləminin, psixoloji yaşantılarının təmsilçisidir. Eyni insanın ruhunun fərqli yönlərə şaxələnməsi, ikiləşməsidir.
Əsərdə fərqli yazıçı üslubunun stixial elementləri göz önündədir. Tanış mövzuya – insan və həyat mücadiləsinə, ölüm həqiqətinə fərdi sənətkar münasibəti bəd nəzər sindromu, çoxəsrlik inanclar fonunda təzahür edir.
“Göz muncuğu”nda Markesin magik realizmində olduğu kimi sirli aləmdən qopub gələn mistik obrazlar, bədii ünsürlər, detallar var. Bəd nəzəriylə məhv etmək bacarığına malik qəhrəman, naxışlarında dünyanın sonu haqqında məlumatın şifrələndiyi xalı, qeyb olmuş qaraj, həmin qarajda gizlədilmiş apparatura, badımcan rəngdə buludlar, isti yağış, axsaq külək,… və s. sirlilik, müəmmalılıq son dərəcə inandırıcıdır. Əsərin ümumi ruhuna, pafosuna o qədər uyğun gəlir ki, oxucuda heç bir şübhə, etiraz doğurmur, əksinə təbii və səmimi qəbul edilir.
Bəşər tarixində sonuncu sivilizasiyanın dəhşətli sonu – Desörs, yəni Qiyamət günü haqqında müxtəlif fərziyyələrə “Göz muncuğu” müəllifinin fərqli bir əlavəsi var. Anarın Qiyamət vəhşətindən yazıçı təxəyyülünün məhsulu olan təzə bir vasitə – qədim xalı ilə əlaqəli söz açması uğurlu bədii priyom kimi maraq doğurur. Ən yaxın tarixə müraciət edən müəllifin 2012-ci ilin son günü haqqında qədim Mayya təqvimindəki məlumatın yaratdığı ajiotajı yada salmaq məqsədi fərqlidir. Tarixi şumerlərə gedib çıxan xalının naxışlarında dünyanın sonu barədə məlumatın əks olunduğunu əsərin qəhrəmanı Əhliman Çapıqdan eşidir. Lakin Qiyamətə onun öz fərdi münasibəti var. Nə qədər təəccüblü görünsə də, aparıcı qəhrəman Qiyamət ehtimalından məmnun qaldığını etiraf edir: “…qoy bir-birinin boğazını üzsünlər, haramzadalar, insanlar bundan artığına layiq deyillər. Bir yandan baxanda, – deyə düşünürdüm, elə xalçasız-filansız da dünyanın axırıdır da… Bu qədər zülm, ədalətsizlik, yalan, riyakarlıq, pozğunluq içində yaşamaq insanların ən böyük günahı və ən böyük cəzası deyil məyər?” Aparıcı qəhrəman burada müəllif missiyasını yerinə yetirir. Dövrün, mühitin acı mənzərəsinin doğurduğu ikrahla bütün haqsızlıqlara, dünyanı müharibələrin sarsıtdığı bir zamanda millətin öz içində bir-birinə qənim kəsilən mənəviyyatsızlara etirazını bu şəkildə ifadə edir.
“Göz muncuğu” povesti XXI yüzilin aydınının düşüncələr kompleksidir. Burada çağdaş insanın, ötən yüzilliklərin elmi, fəlsəfi, dini, ədəbi görüşlərini qavrayıb ümumiləşdirən həməsrimizin yaşantıları, günümüzün sosial gerçəkliklərinə baxış tərzi, maddi və mənəvi-əxlaqi dünyamızın itkilərinə münasibəti dolğun bədii əksini tapıb. Həyat həqiqətini yeni biçimdə bədii tədqiq və təhlil mərkəzinə gətirən novator əsəri əsrin nəsri fövqünə qaldıran da məhz bu məziyyəti – çağdaşlığıdır.