Əyildi qamətin, ağardı basın,
Ağır zəhmətilə ucalan qadın…
Həyatdan köçəndən həyat yoldaşın,
Qocalar evində qocalan qadın…
Sənin üç oğlun var, bir də ki qızın,
Əyilib ayağın yuyanın yoxdur.
Tənhalar evindən gəlir avazın,
Nədənsə səsini duyanın yoxdur.
Həmdəmi olmusan özgənin, yadın,
Qocalar evində qocalan qadın…
Görmədin heç övlad məhəbbtini,
Görmədin bir xoş gün heç bu həyatda.
Sən hardan biləsən nəvə ətrini,
Bilmirsən nəvənin adını hətta.
Hanı nəvələrin, hanı övladın?
Qocalar evində qocalan qadın…
Gözlərin qapıda qalar hər səhər,
Hər gəlib gedəni soraqlayarsan.
Tutar boğazını acı bir qəhər,
Çəkilib bir yerdə tək ağlayarsan.
Beləcə bilməzsən xoşbəxtlik dadın,
Qocalar evində qocalan qadın…
Bayramda bir təbrik istər ürəyin,
İstərsən övladın öpsün əlindən.
Heç bayram payın da deyil gərəyin,
“Gedək evimizə”-çıxsın dilindən.
Dəyişsin beləcə qəfil həyatın,
Qocalar evində qocalan qadın…
Nədənsə bu il də gəlmədi heç kəs,
Qapını açmadı nə oğul, nə qız.
Nələr çəkdiyini bilmədi heç kəs,
Beləcə qaldın sən həmişə yalqız.
Tənhalar içində çağrıldı adın:
“Qocalar evində qocalan qadın…”