ens

Burda asta yeriyin
Burda asta danışın
Hər şəhid arzusundan
Od götürün alışın.

Bu yer haqla nahaqqın
Savaşından yaranıb.
Anam Azərbaycanın
Göz yaşından yaranıb.

Burda zirvə ömürlü
Ərlər, ərənlər yatır.
Canını bu torpağa
Qurban verənlər yatır.

Azadlığ ilk bahar
Havasında uyuyur
Anam Azərbaycanın
Laylasında uyuyur.

Azadlıq dünyamızdan
Onlar agahdır bu gün.
Məzarları bir xalqa
Ziyarətgahdır bu gün.

Hər məzarın üstündə
Qərənfil-ürək qanı
Bu qərənfil sevgilər
Mat qoyub bu dünyanı.

Gələcək nəsillərin
İçməyə and yeridir
Azadlıq səmasının
Qızaran dan yeridir,
Şəhidlər xiyabanı
İgidlər xiyabanı.

DÜNYAYA BAXIRAM

Tarixlə üz-üzə dayanıb bəzən,
Ayları, illəri xəlbirləyirəm.
Əsrlərdən gələn bir anı bəzən,
Şeir misrası tək əzbərləyirəm.

Bir xoş təbəssümdən, bir xoş qılıqdan,
Çəkilir ömrümün qürub sarısı.
Bəzən təmənnalı bir yaxşılıqdan,
Mənə bir pay düşür-ürək ağrısı.

Şahların önümdə əyilir başı,
Qorxudan cəllad da çağıra bilmir.
Bir dəli quyuya atdığı daşı,
İndi yüz ağıllı çıxara bilmir.

Döyüşdə mərdlərin pozulub səfi,
Harda ki, xəyanət durub qəsdinə.
Birinin sarayda çəkdiyi kefin,
Ağrısı bir xalqın düşüb üstünə.

Öz türk soyumuzdan ayırmaq üçün,
Bizə fars-deyiblər ərəb deyiblər.
Haqqı qorumaqçün babalar o gün
Ümid bir sənədir yarəb-deyiblər.

Haqqım var zoruyla öyünənlərin,
Qırıb sümüyünü kül-xınc eyləyim.
Ürəyi qarnında döyünənləri,
Tanrının başına qaxınc eyləyim.

Qəmi puçurlayar hər yaz dərdimin,
İzini qar-yağış itirə bilməz.
Ağzı açılıbdır Araz dərdimin,
Selini dərələr götürə bilməz.

Hər vaxt həqiqətin əlini sıxıb,
Haqqı diləmişəm haqq aşığından.
İndi azadlığın taxtına çıxıb,
Dünyaya baxıram öz işığımdan.